İnsan çətin suallarla üzləşəndə küncə sıxılır. Vəziyyət lap qəlizləşəndə 5-ci küncü axtarmağa başlayır. Fanat.az yeni – “Beşinci künc” rubrikasına start verir. Rubrikamızın ilk qonağı “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolovdu.
- Yeriniz rahatdı?
- Daim rahat olmur. Bəzən od tutub yanır. Ancaq hər kreslonun öz problemi var.
- Neft ölkəsində oturub, qeyri-neft sektorunda pul qazanmaq necədi?
- Deməzdim ki, futbolda böyük pullar qazanıram. Əlbəttə, menecer, idarəedici kimi müəyyən vəsait əldə edirəm. Bilavasitə sualınıza gəlincə, hesab edirəm ki, “bütün yollar Romaya aparır”. Yəni bütün hallarda qazanc neftə bağlıdı.
- Bolqarların türklərdən xoşu gəlmir. Bəs azərbaycanlılardan?
- Elə deməzdim. Vəziyyəti diplomatik izah etməyə çalışım. Türklərlə qonşu kimi lap əla münasibətlərimiz var. Biz neoosmanizmi sevmirik və təəssüf ki, son zamanlar Türkiyə dövləti məhz bu yolu tutub. Azərbaycanlılara gəlincə, sizə keçmiş müttəfiqlərimiz kimi münasiət bəsləyirik. Ancaq etiraf edim ki, Bolqarıstanda Azərbaycanı demək olar ki, tanımırlar.
- Ölkəniz Azərbaycanda “bolqar xiyarları” ilə məşhurlaşıb. Bəs “Azərbaycan” dedikdə sıravi bolqarların təsəvvüründə nə yaranır?
- Neft... bir də qaz.
- Həyat yoldaşınızla hansı şəraitdə tanış olduğunuz yadınıza gəlir?
- İlahi, bu necə də qədim hadisədi! Dayan, qoy bir fikirləşim. Allahım, artıq 30 ilə yaxın vaxt ötüb. Yox, görünür hələ qocalmamışam. Yaddaşımdan silinməyib. Komsomol fəallarının tez-tez tədbirləri olardı. Orada tanış olduq. Subaylıq həyatımız da çox sürmədi. Cəmi 1 ay görüşdük. Sonra ailə qurduq.
- İlk məhəbbətinizin adını xatırlayırsınız?
- ...
- Nə oldu, Georgi Nikolayeciç, deyəsən “5-ci künc”ü axtarırsınız?..
- Ahh, gəlin bu sualı buraxaq. Uşaqlıq illərim olub. Heç hansını “ilk məhəbbət” adlandırmaq olduğunu da doğru-dürüst deyə bilmərəm.
- Neçə övladınız var?
- İki oğul atasıyam.
- Bəs nigahdankənar?
- Yox, yoxdu. Gəlin belə deyək, dəqiq söyləyə bilmərəm. Hər halda şikayət edən olmayıb.
- Sizə dünən zəng vuranda (söhbət cümə günü baş tutub – red.) müsbət cavab aldım. Bolqarıstanda “yox” cavabını verdikdə başla bütün dünyada qəbul olunmuş “bəli” işarəsi, “hə” dedikdə isə “xeyr” işarəsi ilə reaksiya verirlər. Siz necə, mənə müsbət cavab verdikdə, başınızla hansı işarəni etdiniz?
- Bu jestin etimoloji açması mövcud deyil. Sizə bununla bağlı bir real hadisə nəql edim. SSRİ mövcud olduğu illərdə bütün dükanlarda rus və alman dillərində elan asılmışdı: “Başla “bəli” işarəsi “xeyr”, “xeyr” işarəsi “bəli” deməkdi. Sualın məğzinə gəldikdə isə Bolqarıstandan çoxdan köçmüşəm. Əlbəttə ki, həmin adəti çoxdan unutmuşam.
- Özünüzü cəsarətli insan hesab edirsiniz?
- Deməzdim. Həmişə vəziyyətə real qiymət verib, hərəkətə keçirəm. Deməzdim ki, cəsarətli insanam.
- Olsun. Hətta cəsarətsiz olsanız da, bəzi fərdlərə qiymət verməyə hazırsınız?
- Baxır söhbət kimlərdən gedir. Ümumiyyətlə, onları tanıyırammı?
- Ən çox zəhləniz getdiyi azərbaycanlı hakim?
- Beləsi yoxdu.
- Ok. Onda bir qədər yumuşaldaq. Ən çox antipatiya bəslədiyiniz referi?
- Bax indi yuxarıda qeyd etdiyim məqamdı. Ad çəkməyə cəsarətim çatmır. Məlum səbəblərə görə cəsarətim çatmır.
- Futbolçulardan yəqin ki, çəkinəcəyiniz olmaz. Şəxsiyyətə toxunmadan, məhz futbol meydanındakı davranışına görə hansı futbolçunu ölkəmizin ən tərbiyəsiz oyunçusu hesab edirsiniz?
- ...
- Deyəsən, kreslonuz yavaş-yavaş alışır?
- Of-of-of. Əvvəlcə zarafatla deyim. Onlar hamısı tərbiyəsizdilər. Konkretləşdirsək... yəqin ki, Mahir Şükürovun adını çəkərdim. Bunun da obyektiv səbəbi var. Qanında adrenalini çoxdu.
- Deyirlər ki, Kaxaber Tsxadadze başınızın üstündən Cahangir Hacıyevlə ünsiyyətdə olur. Bu, şəxsiyyətinizə toxunmur ki?
- Xeyr, zərrə qədər də. Burda axı qeyri-adi heç nə yoxdu. Klubun sahibi nəticəyə cababdeh olan şəxsdən birbaşa məlumat almaq hüququna malikdi. Lakin bütün hallarda istənilən qərarı verməzdən öncə Cahangir Hacıyev mənimlə məsləhətləşir.
- İnanclı insansınız?
- Bəli.
- Cümə günüdü...
- Axı ayın 13-ü deyil.
- Ayın 13-ü olmasa da, gəlib çatdıq 13-cü suala. Bu nəhs sualı yüngülləşdirək. Ən arzuolunmaz sualı səsləndirin və ondan azad olun.
- Maaşlardan suallar olmasın.
- Sadə riyaziyyatla dostluq edirsiniz?
- Sadədisə, deyərdim ki, yaxşı münasibətdəyəm.
- “Simurq”la görüşlərdə neçə xal aldığınızı deyə bilərsiniz?
- “İnter”in prezidenti olduğum 8 il müddətində təqribən 50-60 xal yığmışıq. Elə də çox deyil.
- Uşaq vaxtlarınızda çox dalaşmısınız?
- Ziyalı ailəsində böyümüşəm. Ancaq etiraf edim ki, küçədə çox veyillənərdim. Deməli, davalarım da çox olub.
- Dava düşsə kim döyər: Georgi Nikolov, yoxsa Ramin Musayev?
- Yox-yox, axı onunla dalaşmaq fikrim yoxdu...
- Axı bu, maaşla bağlı sual deyil, Georgi Nikolayeviç.
- Yəqin ki, Ramin Musayev qalib gələrdi. Axı döyüş Azərbaycanda baş tutacaqdı və o, meydan amili üstünlüyündən yararlanardı.
- Kimi daha yaxşı tanıyırsınız: Elxan Məmmədovu, yoxsa Ramin Musayevi?
- Maraqlı sualdı. Yəqin ki, Ramin Musayevi daha yaxşı tanıyıram.
- Bəs onlar arasında dava düşsə, kim güclü olar?
- Qaydasız döyüş?
- Bəli.
- Elxan Məmmədova “stavka” edərdim. O, daha gəncdi. Qaydasız döyüşdə bu, həlledici rolu oynayır. Onun enerjisi daha çoxdu.
- Konçitaya münasibətiniz necədi?
- (Əlini yelləyərək) Adam tapdınız da. Yəqin qocalmışam, qədimdüşüncəliyəm. Ancaq bu cür... Hətta bu şoudusa belə... Murdarçılıqdı!
- Deyilənə görə Valentin Xodukin evində Cahangir Hacıyevin portretini asıb. Sizin evinizi kimin portreti bəzəyir?
- Deyə bilmərəm, həqiqətən onun evində klubumuzun sahibinin portreti var, yoxsa yox. Açığı, Xodukinin evində heç vaxt olmamışam. Evimdə xeyli rəsm əsəri var. Qədim zamanlara üstünlük verirəm. Aha, xatırladım. Evimdə ingilis zadəgan ailəsindən bir gənc qızın portreti var.
- Həmin xanımı klubunuzun sahibi görmək istəyərdiniz?
- Yox, yox, yox! Müdirin qadın oldusa, vay halına. Qoy elə Cahangir Hacıyev olsun prezidentimiz.
- Bolqarıstan və Azərbaycanda kifayət qədər danışılmış oyunlar olur. Bəs bu ölkələri müqayisə etsək, hansında daha çox belə hala rast gəlmək olar?
- İlk olaraq qeyd edim ki, Azərbaycan və Bolqarıstan bu göstəriciyə görə toya getməlidi. Avropada bu sahədə o qədər “öncüllər” var ki... Konkret adını çəkdiyiniz ölkələri müqayisə etsək, yəqin ki, mizanın gözü eyni olar.
- Hakimlərə rüşvət vermisiniz?
- Heç vaxt rüşvət verməmişəm.
- Bəs rəhbərlik etdiyiniz klub?
- Bu sualınıza cavab verməyə çətinlik çəkirəm. Konsepsiyam dəyişməz olub: təmiz futbol oynamaq lazımdı.
- Bəs özünüz necə, oyun satmısınız?
- Bu sualınıza rahat cavab verə bilərəm. “İnter” heç vaxt oyun satmayıb.
- Şahmat oynaya bilirsiniz?
- Zəif.
- Endşpil bilirsiniz nəyə deyilir?
- Partiyanın sonluğuna.
- Biz də gəldik çatdıq endşpilə. 45 dəqiqə ərzində “Beşinci künc”də olan Georgi Nikolayev üçün gün necə başladı?
- Sakit. Hətta deyərdim çox sakit. Açığı, mənim üçün maraqlı oldu. Çətin? Həyat daim mübarizədir!
Fanat.az