Almanı atdım xarala

Almanı atdım xarala

Ceyhun Əliyev

"Almanı atdım xarala, qaldı sarala-sarala". Almanı xarala və ya torbaya atıb saraltmaqla nə olur ki? Onsuz da almanlar anadan olanda saralmış vəziyyətdə olurlar. Başqa sözlə almanı xarala atmaq üçün uzaq Xorvatiyaya getməyə heç bir lüzum yox idi... 

Həm də almanı atdıq, Şahin Diniyevi və ya Karlos Albeto Torresi, fərqi nədi ki? Məmləkətimizdə xarallar çoxdu, özü də elə dərindi ki, ora düşən heç ağlından belə keçirmir ki, nə vaxtsa çıxa bilsin...

Almanı xarala atdıqdan sonrakı günümüz dəyişəcəksə, buna sevinməyə dəyər. Ancaq xaralların və xarallardakıların sayına baxdıqda görürük ki, "alma-armud"la iş bitmir. "Ağacımız" çürükdü, verdiyi bar elə hey "qurdlu" çıxır...

Özü də bu dəfə almanı yox, bir topa almanı atdıq xarala. Bütün sahələrdə olduğu kimi, "alma(n)ları xarala atmaq" sahəsində də gedən inkişaf sayəsində sarı almanlar sarala-sarala evlərinə qayıtdılar...

Deyilənə görə ağacımızın növbəti yazda yaxşı bar verməsi üçün dünyanın 50-dən çox bağbanının namizədliyi nəzərdən keçirilir. Hətta xüsusi kübrə (Reynaldo) də vermək məsələsi də yenidən gündəmə gəlib...

... "Ağac bar verdikcə, başını aşağı sallayar", deyiblər. Ancaq bu məsəlin bizim "milli ağacımız"a aidiyyatı yoxdu. Çünki uzun illərdi xəstəliyə düçar olub və dərdinə əlac tapan yoxdu. Ağac daim çürük, qurdlu bar verəndə onu kəsib atırlar, yerində yenisini əkirlər. Bəlkə fikirləşəsiniz?..

  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər