FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub.
Buna səbəb yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakteri daşımasıdı. Hesabat dövründə 2 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.
AVRO-2016-nın seçmə mərhələsində rəqiblərimizdən İtaliya 13-cü yerdən 11-ci pilləyə (1064 xal), Xorvatiya 19-cu yerdən 14-cü pilləyə (1002) yüksəlib. Bolqarıstan 13 (59-cu yer, 532 xal) pillə geriləyib. Norveç 76-cı yerdən 68-ci pilləyə qalxıb (481 xal). Malta isə bir pillə geriyə düşüb (156-cı pillə, 129 xal).
İlk “onluq”un tərkibində də dəyişikliklər olub. Belçika və Fransa buradakı mövqeyini yaxşılaşdırıbsa, Hollandiya, Uruqvay və İspaniya geriləyib. İsveçrə 10-luğu tərk edib, Portuqaliya isə ora daxil olub. Almaniya, Argentina və Kolumbiya isə ilk 3 pillədəki mövqelərini qoruyub: Almaniya, Argentina, Kolumbiya, Belçika, Hollandiya, Braziliya, Fransa, Uruqvay, Portuqaliya, İspaniya.
Türkiyə yığması isə 614 xalla 46-cı yerdə qərarlaşıb. “Ay-ulduzlular” 8 pillə geriləyib.
Fanat.az