Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Almaniya klubu ilə oyunda çınayıb.
"Simurq"un rəqibi Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu olub. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 39-cu dəqiqədə Draqan Çeran imza atıb.
Qeyd edək ki, "Velbert" klubu 1902-ci ildə yaradılıb. Bu il 112 yaşını qeyd edəcək "Simurq"un rəqibinin heyətində Türkiyə, Yunanıstan və Albaniyadan legionerlər oynayır. Lars Leesenin başçılıq etdiyi komanda Regional Liqanın ilk dövrəsini sonuncu pillədə başa vurub.
Onu da qeyd edək ki, "Simurq" Türkiyədə 4 oyun keçirəcək. Yanvarın 19-da Rumıniyanın "Vasluy" klubu ilə qarşılaşacaq zaqatalalıların digər iki rəqibi hələ bəlli deyil.
Yoxlama oyunu
16 yanvar
Simurq (Azərbaycan) - Velbert (Almaniya) 1:0
Qol: Draqan Çeran, 39.
Simurq: Pavel Kapsa, Tural Axundov, İlkin Qırtımov, Dilaver Zrnanoviç, İdan Vaytsman, Stepan Polyak, Taqim Novruzov, Patrik Osiako, Nicat Qurbanov, Draqan Çeran, Raşad Eyyubov.
Fanat.az