Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərovun müsahibəsi
- Güləşçimiz Elçin Əliyev sələfi təriqətinə qoşulduğu üçün yığmadan kənarlaşdırıldığını açıqlayıb. Bu barədə nə deyə bilərsiniz?
- Özüm burada olmadığımdan, açıqlamalarından xəbərsiz idim. Bu məsələni araşdıracağam. Təbii ki, çağırıb söhbət edəcəyəm. Onu heç kim uzaqlaşdırmayıb, qovmayıb. Öz istəyi ilə çıxıb gedib. Biz də məşqlərdən kənarlaşmasını istəməzdik. Sadəcə, özü məşqlərə uzun saqqalla gəlirdi. Halbuki o uzunluqda saqqala FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası - E.M.) icazə vermir. Digər tərəfdən, uzun saqqal gigiyenik normalara da ziddi, rəqiblərə pis təsir göstərir. Amma onun qovulması, dinlə bağlı yığmadan uzaqlaşdırılması barədə bir şey yoxdu.
- Sizcə, həmyerlilərimizin Suriyadakı döyüşlərdə iştirak etdiyi və onlar barədə ölüm xəbərlərinin gəldiyi bir dövrdə onun sələfi təriqətinə qoşulması təhlükəli addım deyil?
- Deyə bilmərəm. Bu, özünün seçimidi. Bir vaxtlar o, məşqlərdən uzaqlaşmışdı. Çağırıb söhbət etdik, məşqlərini bərpa etməsini istədik. Dedik ki, 2 qat Avropa çempionusan, nəticən var. Nailiyyətlərinin qarşılığında dövlətimiz səni artıqlaması ilə mükafatlandırıb. Cənab prezident sənə ev hədiyyə edib. İnsanlar var ki, illərlə çalışırlar, amma cənab prezidentdən mənzil hədiyyə almaq onlara nəsib olmur. Bunun özü böyük xoşbəxtlikdi. Şəxsən mən həyatda bundan böyük uğur bilmirəm. Ona da nəticələri qarşılığında mükafatlar verilib.
- Dediniz ki, Elçin Əliyev bir müddət güləşdən uzaqlaşmışdı. Səbəb nə idi?
- 3 ay məşqlərə gəlməmişdi. Özündən səbəbini soruşduqda, ailəsi ilə bağlı işlərinin olduğunu səbəb göstərdi. Sonradan məşqlərə qayıtdı. Amma yenə də problemin ortaya çıxdığı məlum olur.
- Saqqalını qırxmasa, güləşə qaytarmayacaqsınız?
- Özü açıqlama verib ki, saqqalını heç vaxt qırxmayacaq, seçimini edib, saqqalını qırxmasa, güləşə qayıtmayacaq. Güləşin də öz qaydaları var. Məsələn, idmançı yalnız triko ilə güləşə bilər. Biri gəlib palto ilə güləşmək istədiyini desə, FİLA ona icazə verməz, dərhal kənarlaşdırar. Eyni qayda saqqala da aiddi. Yəni, qaydalarda səlis şəkildə yazılıb ki, üzdə tük, saqqal çoxluq təşkil edə bilməz, əks halda, həmin idmançı güləş xalçasına buraxılmayacaq. Saqqalın da qaydası, norması var. Hər bir insan az həcmdə saxlaya bilər. Amma o boyda saqqalla güləşməyə beynəlxalq yarışlarda icazə verilmir. Biz isə daxili yarışlarda ona güləşməyə razılıq versək də, məşqçilər diqqətinə çatdırdı ki, bu uzunluqda saqqalla güləşməyə FİLA icazə vermir.
- Deyilənlərə görə, Əliyevin məşqlərdən kənarda qalmasında yığmamızın iranlı baş məşqçisi Cəmşid Xeyrəbadinin birbaşa rolu olub. Çünki Xeyrəbadi şiə təriqətindəndi...
- Bunlar boş söhbətlərdi. Biz dini təriqətlərə - sünni-şiə və ya xristian-müsəlman inanclarına qarışmırıq. Güləşçilərimiz arasında xristian da var, müsəlman da, bir çox millətin nümayəndələri - kubalı, iranlı, dağıstanlı da. Onlara dinindən, irqindən asılı olmayaraq, heç bir problem yaratmırıq. Mən tam məsuliyyətimlə deyirəm ki, belə söz-söhbətlər tam əsassızdı. Hansısa idmançının təriqətinə görə incidilməsi kimi bir şey yoxdu. Kim ölkəmizin bayrağını yüksəklərə qaldırırsa, onun üçün yaşıl işıq yandırırıq.
- Elçin Əliyevə açıqlamalarından dolayı hər hansı cəza verilməsi gözlənilir?
- Onun məşqçilərə qarşı kobud rəftarı, xoşagəlməz hərəkətləri olubsa, araşdırılacaq. Bu, adından, nailiyyətindən asılı olmayaraq, bütün idmançılara aiddi. Günahı varsa, AGF-nin Nizam-İntizam Komissiyası tərəfindən tədbir görüləcək. Federasiyamız nizam-intizama ciddi önəm verir. Təsadüfi deyil ki, komissiyanın sədri I vitse-prezidentimiz Namiq Əliyevdi.
- Özü ailəsinin də eyni təriqətin üzvləri olduğunu deyib. Onun təhlükəli işlərə qoşulduğunu düşünmürsünüz?
- Heç kimi məcburən gətirib güləş xalçası üzərinə çıxara bilmərik. Həvəsi olmasa, güləşdirmək mümkün deyil. Amma biz onu yenə də dəvət edəcəyik. İmtina etsə, nə edəcəyimizi bilmirəm. Qaldı ki, digər məsələlərə, bundan ötrü hüquq-mühafizə orqanları, dövlət var. Biz ictimai təşkilatıq, əlimizdən gələni edirik ki, idmançılarımız başqa yollara əl atmasınlar.
- Bəs hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünmürsünüz?
- Bu məsələnin hüquq-mühafizə orqanlarına birbaşa aidiyyəti yoxdu. Yəni, istənilən şəxs namaz qılmaqda sərbəstdi. Problem olarsa, bizə qarşı nə isə deyərsə, məşqçilərlə kobud rəftar edərsə, məsələyə federasiyamız daxilində baxılacaq. Biz onu cəzalandırmaq fikrində deyilik, bunu istəmirik. Dəvət edəcəyik ki, gəlib məşqlərə başlasın. O, adi idmançı deyil. İkiqat Avropa çempionu və qitə çempionatının gümüş mükafatçısıdı. Təcrübəsindən yeniyetmə, gənc pəhləvanlarımız bəhrələnə bilərlər. Amma bu, federasiyamızın təsdiq etdiyi qaydalar çərçivəsində olmalıdı. Hər hansı idmançını qaydalardan kənar, məcburi gətirməyəcəyik və ya dəvət etməyəcəyik. Biz təklif edəcəyik, doğru yol göstərəcəyik ki, idmana qayıtsın, güləşsin, paralel olaraq, namazını qılsın. Hamı öz istəyindən asılı olaraq, namaz qılır. Burada bir problem yoxdu. Qapılarımız üzünə daim açıqdı.
lent.az