"Komanda çempionatın startı ərəfəsində səhvlər buraxır. Dünən rəqibimizin xal itirməsindən maksimum yararlanmalı idik. Komanda oyuna başqa cür hazırlaşmışdı. Məğlub olmağa haqqımız yox idi. Hiss olunurdu ki, komanda hələ tam istədiyimiz formada deyil. İkinci hissədə komanda rəqibi bütün göstəricilərdə üstələdi. Meydanda yalnız bir komanda var idi - "Neftçi". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan sonra (3:0) "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunun fasiləsində Ernest Nforla Cavid İmamverdiyevi meydana buraxan Hacıyev istəyinə çatdı. Məhz bu iki futbolçunun vurduğu 3 qol "Neftçi"yə qələbə qazandırdı. Baş məşqçi komandasının ilk yarıda yaxşı oynamadığını bildirib: "Birinci hissədə futbolçularım yüksək səviyyəli futbol göstərə bilmədi və mən fasilədə əvəzləmələr etdim. Əvəzləmələr yerinə düşdü, iki oyunçu 3 qol vurdu. Ancaq biz hələ özümüzə tam gəlməmişik".
Çalışdırıcı Bahodir Nasimova inandığını bildirib: "Nasimov iki mövsüm öncə çempionatın ən sərrast futbolçusu olub. Ona inanıram. Bu gün hava qarışıq idi, meydan ağır idi. O, ilk hissədə rəqibi yordu, Nfor isə çıxıb iki qol vurdu".
Hacıyev yeni tarsfer istəyən və istəyi qəbul olunmadığından istefa verən Nazim Süleymanovun da bostanına daş atıb: "Biz bəzilərinə sübut etdik ki, “Neftçi”yə transferlər gərək deyil. “Neftçi” benzin və yağa ehtiyacı olmayan hazır maşındı. İşə sal və sür, get”.
"Neftçi"nin baş məşqçisi növbəti turda qarşılaşacaqları "Xəzər Lənkəran"la bağlı da danışıb: "Xəzər Lənkəran"ın Bakıda "Qarabağ" kimi güclü komandaya qalib gəlməsi bizi növbəti oyuna daha da toparlanmağa vadar edir. Mənim vaxtımda "Neftçi" həmişə qalib gəlib. Mustafa Dənizli türk dünyasının görkəmli məşqçilərindəndi, böyük qardaşımızdı. Meydanda kim güclüdüsə, o da qalib gələcək. "Xəzər Lənkəran"dan qorxmuram. Mirça Redniklə aramızda bir həssaslıq var idi, onun "gəmi"sini batırdım. Mən onun "Xəzər Lənkəran"a başçılıq etdiyi oyunda səsimi itirmişəm".
"Neftçi"nin çalışdırıcısı "Xəzər Lənkəran"a "ilişməyi" də unutmayıb: "Deyirlər ki, "Xəzər Lənkəran" 1 milyona Eliası transfer edib. İnanın heç 500 mini futbolçuya çatmayıb. Əgər çatıbsa, mənim atabaatama lənət!".
Fanat.az