Milli nə AFFA-nındı, nə də Berti Foqtsun. Heç yığmada oynayan “müvəqqəti qonaqlar”ın - futbolçuların da deyil. Yığma Azərbaycanındı! Bu başqa məsələ ki, seçmənin formasını geyən istənilən oyunçu heç-heçəyə, nadir qələbələrə, yaxşı hesabla məğlubiyyətlərə görə aldığı puldan öncə bayrağını və ölkəsinin idman şərəfini düşünməlidi.
Bolqarıstan millisi ilə sabah “Bakcell Arena”da baş tutacaq oyun Azərbaycan millisinin tarixində sayca 208-ci matç olacaq. İlk oyununa 1992-ci ildə sentyabrın 17-də Gürcüstanla səfərdə çıxan (3:6) milli indiyədək 207 matçın iştirakçısı olub. Fanat.az AVRO-2016-nın seçmə mərhələsinin ilk oyunu ərəfəsində təmsilçimizin boynuna düşən öhdəlikləri yada salır.
“Qol orucu”nu pozun !
38 qələbəyə sevinən təmsilçimiz 56 bərabərlik görübsə, 113 dəfə yenilgi acısı dadıb. Bu qarşılaşmalarda 352 top buraxan yığmamız 147 qol vurub. Qapısında “torba-torba” qol görmək xəstəliyini son vaxtlar tərgitməyə başlayan (Rusiyayla son sınaq oyununun hesabı əksini deyir) komandamızın zaman-zaman qol qısırlığından əziyyət çəkdiyini bilirik.
Təəssüf ki, son 3 matçda da köhnə “xəstəlik” baş qaldırıb. 2014-cü ildə 4 oyun keçirən milli Filippin üzərində 1:0 hesablı qələbədən sonra reallaşan ABŞ (0:2), Özbəkistan (0:0) və Rusiya (0:4) ilə qarşılaşmalarda qol vurmayıb. Düzdü, bu görüşlərin statusu fərqli olub. Ancaq 5-ci dueldə “orucu pozmağın” zamanıdı.
Yubiley zəfəri qazanın!
Avropa çempionatlarında 6-cı seçmə mərhələyə start verən milli ümumilikdə 11-ci (5-i DÇ-lərin seçmə mərhələləridi) tsiklə başlayır. Komandamız 10 seçmə tsikldə 98 oyuna çıxıb. 99-cu qarşılaşma təmsilçimiz üçün 10-cu qələbəylə - yubiley zəfəri ilə əlamətdar ola bilər. Çünki bu sayda matç oynayıb cəmi 9 qələbəni bayram etmişik. 19 heç-heçəsi olan yığmamız üçün mümkün bərabərlik 20-ci heç-heçə qismində yadda qalacaq. Marqlıdı ki, alınan yenilgi sayını da yuvarlaq rəqəm özündə əks etdirir - 70.
50-ci qolu vura bilərik
Seçmə mərhələlərdə 48 dəfə rəqib qapıçıları məyus edən milli 214 dəfə topu tordan çıxarıb. 50-ci qolun məhz bolqarların qapısından keçirilməsinə çalışmaq lazımdı. Buraxılanların sayı 215-ə çatsa belə...
Qəribə və qorxunc fərqdən qurtulun!
AÇ-lərin seçmə mərhələlərində 5 qələbə, 6 heç-heçə və 39 məğlubiyyəti olan yığmanın top fərqində qəribə və qorxunc reallıq gizlənir - 29:129. 100-ə çıxan fərqi ikirəqəmliyə endirmək də təsəlli olar.
Fanat.az