Topaz Premyer Liqasının VII turunda "Neftçi" - "Qarabağ" matçını idarə etmiş Orxan Məmmədov cəzalanacaq. Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, referinin baş hakim kimi idarəçiliyi zəif, səhvi isə böyük olub: "Bizdə səhv edən hakim cəzadan qaça bilməz. Səhv edibsə, cəzalanmalıdı".
HK sədri gənc referinin böyük oyunlara hazır olmadığını bildirib: "Konkret epizoda gəldikdə, qərar səhv idi. Düzdü hakim də insandı, səhv edə bilər. Dünən Çempionlar Liqasınında Ronaldo özünü yerə atdı, hakim penalti təyin etdi. Amma söhbət tək həmin epizoddan getmir, hakim ümumilikdə oyunda zəif iştirak elədi. Oyun göstərdi ki, Orxan daha böyük oyunlara hazır deyil".
Qeyd edək ki, Orxan Məmmədovun idarəçiliyi "Neftçi"nin ciddi etirazı ilə qarşılanıb. Oyun isə "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
sportnet.az