"Neftçi"nin veteran futolçusu Vitali Şevçenko "Sport-Ekspess"ə müsahibə verib. Fanat.az xəbər verir ki, o, Bakı xatirələrini rus həmkarlarımızla bölüşüb.
- Bakıda anadan olmusunuz. Vətəndə sonuncu dəfə nə vaxt olmusunuz?
- Üç il əvvəl. Azərbaycan futbolunun 100 illiyini qeyd edirdilər. Bunadək isə 1985-ci ildən sonra Bakıda olmamışdım. Uşaqlıq illərim keçən məhəlləyə baş çəkdim. Yaşadığımız bina hələ də yerində dayanır. Ancaq mənzilə baş çəkmədim.
- Artyom Falyanı tanıyırdınız?
- Əlbəttə!
- Yuri Sevidov danışırdı ki, "Neftyanik"də 3 oyuna çıxıb öz qapısına 2 qol vurub. Elə buna görə də ona "puşka" (atəş açan top) ləqəbi verilmişdi...
- Yox-yox. Hadisə belə belə olmayıb. Atam onunla bir yerdə oynayıb. O danışırdı ki, Falyan "Puşka" papirosunu çəkirdi. Buna görə də ona belə bir ləqəb verilmişdi. Ümumiyyətlə isə, Falyanla bağlı xeyli maraqlı əhvalat bilirəm. Bir dəfə Donetsk "Şaxtyor"unda baş məşqçi işlədiyi vaxt komandası 0:3 məğlub olur. Paltardəyişmə otağına daxil olub bütün futbolçuları süzür. Solunda - Zvyagintsev, sağında - Staruxin, onları danlamağa cürəti çatmazdı. Deqtyaryova söz desən elə kəskin cavab alarsan ki, 7 qatından keçər. Birdən gözü Boboşkoya sataşır: "Qapımıza 2-ci qol vurulanda sən harada idin"? Boboşko isə cavabında "yanınızda oturmuşdum. Axı həmin an mən meydanda yox idim", deyir.
- 1971-ci ildə "Neftçi"nin şərəfini qoruyurdunuz. Rostovdakı oyun haqda hələ də dəqiq məlumat yoxdu...
- Anladım, davam etməyin. OİK uduzsaydı geclülər dəstəsini tərk edəcəkdi. Biz hesabda önə keçdik. Bundan sonra komandamızı "öldürməyə" başladılar. Ofsayddan qapımıza vurulan 2-ci qoldan sonra Sergey Kramarenko hakimi bir yumruq ilişdirdi! Bədbəxti bir təhər ayağa qaldıra bildilər. Kramarenkoya isə 3 illik diskvalifikasiya kəsdilər.
- Cəzanı sonradan azaltmadılar?
- Yox, sadəcə, müəyyən məbləğdə maaş verirdilər. Bakıda hesab edirdilər ki, həqiqətə görə cəzalandırılıb. Topu tribunaya vurduğuna görə Quliyevi 1 illik cəzalandırmışdılar. Mirzoyanı isə yan xətt hakiminin sifətinə tüpürdüyünə görə 6 aylıq cəzaya məruz qoymuşdular. Ümumiyyətlə, bütün komandanı cəzalandırmaq istəyirdilər. Hətta qəzetdə cədvəl çıxmışdı və çempionatın son 3 oyununa görə "Neftçi"yə texniki məğlubiyyət verilməsi göstərilirdi. Lakin Heydər Əliyevin müdaxiləsindən sonra qərar dəyişdirildi. Texniki məğlubiyyətlərin əvəzinə zədəli olan Hacıyevi və nadir hallarda heyətə düşən Semiqlazovu cəzalandırdılar. Bundan sonra diskvalifikasiyasını yenicə başa vurmuş Semiqlazov o ki var vurub, özünü qazla boğmaq istəmişdi. Xoşbəxtlikdən onu xilas etmək mümkün olmuşdu.
- Sizə toxunmadılar?
- Yığmanın heyətində Belfasta getmişdim və Moskvaya qayıtdıqda, həmin qalmaqalla bağlı futbol federasiyasının iclasında iştirak etdim. Cəzaları müzakirə edirdilər. Kimsə təklif etdi ki, gəlin onu 4 illiyə kənarlaşdıraq. Digər məmur cavab verir: "4 çoxdu, 3 yaxşıdı". Qərara aldılar ki, 3 illik cəzalandırsınlar. Sonra diqqətlər mənə tərəf yönəldi: "Şevçenko nəsə etmişdi"? Cavab gəldi: "Yox-yox. Mirzoyan tüpürmüşdü".
- Nə vaxtsa özünüz hakimin sifətinə tüpürmək istəmisiniz?
- Olub. Elə həmin 71-ci ildə Daşkənddə oynayırdıq. Rəqib bütün qolları qayda pozuntuları ilə vururdu. Epizodların birində komandamızın rəisi əsəbi şəkildə meydançaya daxil olaraq "getdik paltardəyişmə otağına", - əmrini verdi. Yarıyolda Ələkbər Məmmədov bizi geri qaytardı. Nəticədə 3:2 hesabı ilə qələbə qazandıq. Ancaq "Paxtakor" oyunun yenidən keçirilməsinə nail oldu.
- Hansı yolla?
- Hakimə şirinlik verdilər, o da protokolda yazdı ki, ilk yarıda üzləşdiyi təzyiqlərə görə oyunun idarəetməsini təmin edə bilməyib. Nəticədə 1-ci hissədə 1,5 dəqiqə az oynanılıb. Bu da əsas verdi ki, oyunu yenidən keçirsinlər.
- Möcüzə!
- Təqvimdə yer olmadığına görə, çempionat başa çatdıqdan sonra Daşkəndə yollandıq. Oyunu uduzduq, ancaq bu, "Paxtakor"un 1-ci dəstəyə yuvarlanmasına yardım etmədi. Mən isə həmin oyundan sonra Kiyev "Dinamo"suna yollandım. Ancaq bakılı yoldaşlar başıma oyun açdılar. Avtomobilimi satmışdım, elə düzüb-qoşdular ki, guya həmin maşınla adam vurmuşam. Bütün vasitələrlə məni saxlamaq istəyirdilər. Ancaq Kiyevdə dedilər ki, sən qarışma. İki milis işçisi göndərdilər. "Volqa"nı alan şəxsə lazımınca pul ödəyib, avtomobilin nömrələrini dəyişdirdilər və maşını Kiyevə gətirdilər.
- Bəs Bakıya özünüz gəlsəydiniz necə olardı?
- İnanmıram ki, həbs edərdilər. Ancaq hədə-qorxu gəlib saxlamağa çalışardılar.
Fanat.az