Lidersayağı nəticə
Son iki ildə Şüvəlanda AZAL-ı uda bilməyən “Qarabağ” bu dəfə istəyinə 2:0 hesablı zəfərlə çatdı. İlk qolunu 24-cü dəqiqədə vuran “köhlən atlar”ın baxımlı futbol sərgiləyə bilməməsinin səbəbini taktiki tapşırıqlarda yox, süni qazon amilində və rəqibin qapanmasında axtarmaq lazımdı. Düzdü, “təyyarəçilər” zaman-zaman topa nəzarəti əldə saxlamağa can atır, rəqibin öz oyununu sərgiləməsini əngəlləməyə can atırdı. Şübhəsiz, mərkəzdə sıxlıq yaradan Tərlan Əhmədovun planı müəyyən mənada işə yarayırdı. Əvəzləmələrini “yeni nəfəs” istəyi ilə həyata keçirən Qurban Qurbanovun komandası isə istənilən halda nəticəni təmin etdi. Arada baxımlı oynamayıb yekunda sevinmək də lazımdı.
Mbillayla gələn uğur
İlk yarısı sönük keçən matçda Etame Mbillanın qoluyla zəfər qazanan “Xəzər Lənkəran” azarkeşlərinə təsəlli verdi. Zədədən əziyyət çəkən Rasim Ramaldanovun sıraya dönməsi cənubluların müdafiə xəttinin möhkəmlənməsini şərtləndirmişdi. Öz meydanında 4-2-3-1-dən faydalanan “ağ-yaşıllar”ın əks-hücuma oynayan rəqibini yenməsini Dənizlinin dahiyanə addımları ilə bağlamaq absurddu. Qonaqlar çoxsaylı həmlələr təşkil edir, lənkəranlı müdafiəçilər və qapıçı inamlı oyunuyla seçilirdi. “Qırmızı-qaralar”ın qeyri-dəqiqliyi də öz yerində.Hücumda “dişsiz” görünən “gəmiçilər” bir epizodu uğurla tamamlaması önə çəkilməlidi. Yəni matçın axarına nəzər salsaq, Yuri Syominin komandası da qalib gələ bilərdi.
Taktiki dəyişiklik effekt verdi
Rövnəq Abdullayevin həftəiçi verdiyi məlum açıqlamadan sonra kürkünə birə düşən tərəflər gərgin duellə yadda qaldı. Start həyəcanını boğan “Sumqayıt”ın fasiləyədək ağalıq etməsi faktdı. Mərkəzdə 5 futbolçu qərarlaşdırmaqla oxşar taktiki düzümə bel bağlayan komandaların açıq futboldan çəkinməməsi vurğulanmalıdı. Hesabı 23-cü dəqiqədə açan “kimyaçılar” əsla geri çəkilməmişdi. Ancaq Güvənc Kurtarın 61-ci dəqiqədə həyata keçirdiyi Mişel Balakoq – Tyaqo Mirasema əvəzləməsi yerinə düşdü. Bu dəyişikliklə 4-2-3-1-i 4-1-3-2-yə çevirən türkiyəli çalışdırıcı bərabərlik qolunun vurulmasını təmin etdi. Məhz Mirasemanın hesaba tarazlıq gətirməsi Kurtar adına uğurdu. Digər tərəfdən, buraxılan qol zamanı Andrey Popoviçin çıxışdakı səhvi də unudulmamalıdı.
Pantiç gileylənsə də
İlk yarıda Əliyar Ağayevin penaltini verməməsini dilə gətirən Milinko Pantiçin komandası oyun boyu “Neftçi”dən zəif göründü. Düzdü, “Bakı” da ara-sıra özünə gəlir, həmlələrlə rəqibini nareahat edirdi. Lakin topa daha çox nəzarət edən “ağ-qaralar” derbidə yaratdığı real qol vəziyyətləri sarıdan da zəfərə layiq idi. Cəzalı Bruno Bertuççinin yoxluğunda müdafiənin solunda mövqe tuttan Karlos Kardosonun ləngliyindən yararlanmaq arzusunu həyata keçirə bilməyən Pantiçi Əfran İsmayılova start heyətində yer verdiyinə görə qınamaq mübahisəlidi. Həqiqət budu ki, itkiləri olan “zolaqlılar”ı “nizənin sivri ucu”nda qərarlaşan Marius Pena və vingerlər yarıtmadı. Hə, Böyükağa Hacıyevin oyuna qoşduğu Ruslan Qurbanovun dərhal qol ötürməsi ilə Ernst Nfora fərqlənmək fürsəti yaratmasının üstündən keçmək olmaz. Gənc və işlək Qurbanov işə yaradı. İkinci qolu “yemədiyinə” görə isə “Bakı” Ernstin başla vuruşunu əla seyvlə zərərsizləşdirən Aqil Məmmədova minnətdar olmalıdı.
Nə taktika?
“Qaradaşlar”ın Zaqataladakı duelindən danışırıqsa, taktiki gedişləri incələmək yersizdi. Baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçana darıxdırıcı oyunda komandasına 3 xal qazandırdı. Təəccüblü nə var ki?
“Qaradaşlar”ın Zaqataladakı duelindən danışırıqsa, taktiki gedişləri incələmək yersizdi. Baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçana darıxdırıcı oyunda komandasına 3 xal qazandırdı. Təəccüblü nə var ki?
“Futbol+”