Səhlənkarlıq üzündən hər şey son anda həllini tapdı. AFFA-dakılar işə qarışmayacaqları halda, Avropada biabır olacaqlarını anlayıb Tofiq Bəhramov adına Respublika stadionunun arpa tarlasını xatırladan ot örtüyünün dəyişdirilməsini təmin etdilər.
Şübhəsiz, avqustun istisində sıradan çıxan qazona görə yalnız stadionun direktoru Akif İsmayılovu qınamaq düzgün yanaşma olmaz. Bir yandan “yüklənmə”, bir yandan istilər, bir yandan da otun ideal vəziyyətdə qalmasına cavabdehlik daşıyan mütəxəssislərin olmaması belə nəticə verməliydi.
Artıq işin böyük hissəsi arxada qalıb. İngiltərənin "SIS Pitches" şirkətinin Bakıya göndərdiyi 23 peşəkar yarım milyon manata yaxın xərc qarşılığında arenanı hazır vəziyyətə gətirib. Deyilənə görə, mərkəzi arenada zəhmət çəkənlər dünyanın "Santyaqo Bernabeu", "Nou Kamp" və "Amsterdam Arena" kimi məşhur stadionlarında çalışmış adamlardı və mərkəzi arenada da oxşar qazondan salıblar.
Sabahkı oyunda sözün əsl mənasında tezbazar yoluna qoyulan çatışmazlığın altını çəkməsələr, yaxşıdı. Təki leysan yağmasın... Yağsa, heç nə... Yağış görüntüylə gözə girməyə adət edənlərin səriştəsizliyini növbəti dəfə üzə çıxaracaq. Tanrı Avroliqanın qrupuna ilk dəfə vəsiqə qazanan “Qarabağ”lıların və tərəfdarlarının dualarını eşitsin.
Fanat.az