Tarixi təkrar ərəfəsindəvə ya "Partizan"ı necə "güllələyək"?

Tarixi təkrar ərəfəsindəvə ya "Partizan"ı necə "güllələyək"?

2012-ci ilin yayında tarix yazan “Neftçi”nin uğuruna kölgə salmağa çalışanları başa düşməkdən asan nə vardı ki? Bir yandan qısqanclıq, bir yandan futbol təfəkkürünün dəyişməsindən doğan xof uzun müddət haqq etmədiyi postu tutanların canına vəlvələ salmışdı. "Bakılıların uğuru bizim uğursuzluğumuzun aynasıdı” düşüncəsiylə gecələr gözünə yuxu getməyənlərin yeganə yolu iyrənc variantlara əl atmaq, xalqın fikrini haçalandırmaq, gülünc alqı-satqı söz-söhbətinin yayılmasına nail olmaq idi. Əlbəttə, APOEL-i səfərdə devirərək 3:1 hesablı tarixi zəfərlə "flaqman" adını doğruldan “Neftçi”nin o qələbəsi 100 il sonra da unudulmayacaq...

Hə, ölkənin ən qocaman klubunun 2013-ün avrokubok mövsümündə Albaniya “Şkenderbü”sünə yenilib mübarizəni vaxtından əvvəl dayandırmasının öz səbəbləri var. Gözlənilməz fiaskonun dərinliyinə dalmaq üçün uyğun zaman deyil. Xalq komandasının tərəfdarlarının yaddaşının küncündə qorxulu yuxu kimi qalan həmin faciəni xatırlamaq belə, ürəyin soyuq giziltilərlə qol-boyun olmasına bəs edir...

Bu gün isə iki dəfə səfərdə qəhrəmanlıq edən “Neftçi” tale yüklü imtahan ərəfəsindədi. Öncə “Bakcell Arena”da 1:2 hesabıyla yenildiyi Sloveniya “Koper”inə rəqib meydanında yerini göstərən, ardından “Bursaspor”u sürpriz məğlubiyyətlə üzən “Çixura”nı “beşiyində boğan” (gürcülərlə Bakıdakı görüşün “quru sülh”lə bitdiyini bilirsiz) "flaqman" “Partizan”ı xalqının dəstəyi fonunda əzmək arzusundadı. Təbii, Belqradda erkən vurduğu 2 qola rəğmən, qapısından 3 top buraxan “Neftçi”nin böyük fürsəti qaçırması faktdı. Ancaq məntiqlə, 2:3 hesablı səfər yenilgisinin arxasından da ciddi şanslar boy göstərir. Bir halda ki, təmsilçimiz tək qolla ölkə futbolunun ən böyük uğurunu təkrarlaya bilər, deməli, bu ümidin ətəyindən hamılıqla yapışmalıyıq. Həlledici matçı “Tofiq Bəhramov”da keçirəcək “ağ-qaralar” azarkeşlərinə, xalqına sığınmaq üçün daha çox seyirci tutumu olan məkanı seçibsə, Azərbaycan ölkənin idman imici uğrunda döyüşən övladına sahib çıxmalıdı.

Yeri gəlsə, “Partizan”ın məskunlaşacağı otelin qarşısına toplaşıb səhərədək zəfər nəğməsiylə serb futbolçuları psixoloji basqı altında saxlamaq, oyun boyu lazer işıqlarıyla qrupa gedən yolumuzu kəsmək istəyi ilə ölkəmizə gələn rəqib oyunçuların diqqətini yayındırmaq da lazımdı. Bir sözlə, hərə öz üzərinə düşən işi artıqlamasıyla görməyi qarşısına məqsəd qoymalı, Tanrının yardımıyla “Partizan” Bakıdan məyus qayıtmalıdı. Uğuru rəqibdən çox arzulasaq, mərkəzi arenanın tribunalarında bos skamya saxlamasaq, tarix təkrarlanacaq. Su gələn arxa bir də gələr!

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər