"Alaniya" klubu futbol üzrə fəaliyyətini dayandırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun müşahidə şurası qərar qəbul edib.
İflasa səbəb “RusGidro” şirkətnin “Alaniya”ya sponsorluqdan imtina etməsi olub. Şirkət 2020-ci ilədək kluba ildə 40 milyon dollar ayırmalı olsa da, öhdəçiliyini yerinə yetirməyib. Bu üzdən Vladiqafqaz klubu Rusiya çempionatında iştirakını dayandırıb. “Alaniya”nın bütün futbolçularına azad agent statusu verilib.
Qeyd edək ki, 1937-ci ildə təsis olunmuş “Alaniya” 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə gümüş mükafatçı, 2011-ci ildə isə Rusiya Kubokunun finalına çıxıb. Azərbaycan yığmasının sabiq futbolçusu Nazim Süleymanov 1991-1996-cı illərdə bu klubun şərəfini qoruyub. Çempionluq və vitse-çempionluqlarda onun böyük əməyi olub. Süleymanov “Alaniya”nın heyətində 142 oyuna 60 qol vurub və klub tarixində rekordçuya çevrilib.
Veteran futbolçularımızdan Arif Əsədovla Dmitri Kramarenko də Vladiqafqaz klubunda forma geyinib. Əsədov 1994 (20 oyun, qol), Kramarenko isə 1996-1997-ci illərdə (31 oyun) bu komandanın uğurları üçün tər töküb.
Milli komandamızın və "Neftçi"nin sabiq baş məşqçisi Kazbek Tuayev 1974-1977-ci illərdə "Alaniya"nı çalışdırıb. "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik də 2009-cu ilin avqustundan dekabrınadək sözügedən komandanın başında olub.
Fanat.az