"Real"ın əfsanəsi Raul Qonzalesin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 37 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Belə ki, Raul ABŞ-ın "Nyu York Kosmos" klubu ilə müqavilə imzalayıb. İspan futbolçu yanvardan bu komandanın formasını geyinəcək. O, artıq ailəsi ilə birlikdə Nyu Yorka yollanıb.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış edən Raul 741 oyunda 323 qola imza atıb. Çempionlar Liqasının ən yaxşı bombardiri (71 qol) Madrid klubundan sonra Almaniyada "Şalke 04" və Qətərdə "Əl-Saad"ın formasını geyinib. 102 dəfə İspaniya yığmasının formasını geyinən hücumçu 44 qola imza atıb.
Raul "Real"ın heyətində İspaniya çempionluğunu (6 dəfə), Superkubokunu (4), Çempionlar Liqasını (3), UEFA Superkubokunu (1), qitələrarası kuboku (2), "Şalke 04"lə Almaniya kubokunu (1), Superkubokunu (1), "Əl-Saad"la Qətər çempionuluğunu (1) və kubokunu (1) qazanıb.
Fanat.az