AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XXVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qaradağ"ın futbolçusu Ramal Hüseynov "Şahdağ"la oyunun 69-cu dəqiqəsində baş hakim Elvin Əsgərovu təhqir edib və birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzalandırılıb, klubu 400 manat cərimələnib. I divizionun sonuna 3 tur qaldığından Ramal üçün mövsüm bitib.
“Kəpəz” - “Şəmkir” matçının 43-cü dəqiqəsində meydan sahiblərindən Xəyal Zeynalovla “Şəmkir”dən Ramil Sadiqov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 3 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimə olunub. Bununla da Xəyal və Ramil üçün mövsüm erkən başa çatıb.
“Bakılı”nın futbolçusu Samir Mustafayev “Neftçala” ilə oyunun 82-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni, “Mil-Muğan”ın oyunçusu Şöhrət Rəhimov “Göyəzən”lə matçın 49-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 20 manat cərimələnib.
Fanat.az