Qusarda dəhşət: ayaq sındı, tibbi yardım edən olmadı

Qusarda dəhşət: ayaq sındı, tibbi yardım edən olmadı

I divizionun II turu çərçivəsində keçirilən "Şahdağ" - "Qaradağ Lökbatan" oyununda xoşagəlməz hal baş verib. Fanat.az xəbər verir ki, oyunun ilk hissəsində Qusar klubunun futbolçusu Məhəmməd Huseynov Qaradağ təmsilçisinin şərəfini qoruyan Timur Dadaşova qarşı kobud oynayıb. Nəticədə ikincinin ayağı sınıb. 

Hadisə şahidləri zədələnən Dadaşovun vəziyyətinin kritik olduğunu, böyük ehtimalla 31 yaşlı futbolçunun karyerasının başa çatdığı bildirir. Dadaşovu xəstəxanaya çatdırsalar da, tibb məntəqəsində futbolçunu müayinə etməyə həkim tapılmayıb. 

"Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov olayla bağlı bunları deyib: "Oyun haqda heç nə demək istəmirəm. Bir epizod mənə çox təsir etdi. Rəqibin 12 nömrəli futbolçusu bizim oyunçunun ayağını dəhşətli dərəcədə sındırıb. Ayaq sallanır, sümük sınıb. Özü qəsdən sındırıb. Oyunda bir neçə epizodlar oldu ki, bunlara qarışmaq istəmirəm. Artıq bu futbolçum karyerasını bitirdi. Ayağı təmiz pis vəziyyətdədi. Və bu epizoda hakimlər biganə yanaşır. Demək istəyirəm ki, belə futbolçu Azərbaycan çempionatında iştirak etməli deyil. Təcili tibbi yardım gəlib, futbolçunu xəstəxanaya apardı. Xəstəxanada həkim olmadı, gətirib qaldığımız otelə qoydular. Azərbaycan Respublikasının cənab prezidenti tibbə lazım olan diqqəti göstərir. Ancaq bunlar biganə yanaşır. Futbolçunu avtobusla apara bilmərik, əgər şoka düşsə, onun qarşısını kim alacaq? Komandanın da həkimi var, ancaq bu sadə sınıq deyil. Komanda da o hadisədən sonra pis vəziyyətə düşdü, psixoloji sarsıntı yarandı. İsrail çempionatında bir futbolçu bu cür hərəkət etmişdi, onu 10 il futboldan uzaqlaşdırdılar. Bizim oyunçu topa çatan anda rəqib ayağına vurur. Mən hakimin işinə qarışa bilmərəm, FIFA referisidi. Mənim Rəhim Həsənova hakim kimi simpatiyam var. Ancaq hakimlik haqda danışmayacam, bir epizod mənə bəs etdi. Aparıcı oyunçumun ayağı getdi, bununla barışa bilmərəm. İndi iynə vurublar ki, futbolçu şoka düşməsin. 40 dəqiqədən sonra ayılacaq. Bir dənə "vilis" veriblər, 1938-ci ilin maşınıdı. Tibbə bu qədər diqqət ayrılır. O "vilis"in təkərinin biri də yoxdu. Onun yerinə velosiped təkəri yerləşdiriblər. Xəstəxanada həkim yox, növbətçi yox. Qusarda Mərkəzi xəstəxanaya müraciət etdik. Həkim də deyir ki, get kimə nə deyirsən, de..."

 

Daha sonra Mahmudov oyunun hakim-inspektorundan və matçı izləmək üçün Qusarda olan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazılığını dilə gətirib: "Xaqani Məmmədov da burda idi. Gəlib futbolu izləyirdi, bu yaxşı haldı ki, bölgə futboluna diqqət yetirirlər. Bəlkə də mən səhv edirəm, buna haqqım yoxdu. Amma gəlib deyə bilərdi ki, ay klub prezidenti, ay Adil Mahmudov, mənim sizə nə köməkliyim dəyə bilər? Bəlkə də heç bunu deməyə haqqım yoxdu. Hakim-inspektor da aciz idi bu məsələdə. Təcili tibbi yardımdan heç nə tələb edə bilmirdi. Bilmirik ki, kimə zəng edək".

 

Sonda isə qonaq komandanın baş məşqçisi "Şahdağ" rəhbərliyinin məsələ ilə maraqlanmadığını deyib: "Hazırda Qusarda "Qaya Bulaq" otelindəyik. Gedirik xəstəxanaya binti özümüz alırıq, heç rentgen də yoxdu. Ola bilər ki, hadisə səbəbindən şokdayam və emosialarımı saxlaya bilmirəm. Mən hamıdan kömək gözləyirəm, amma yoxdu. Heç "Şahdağ" rəhbərliyi gəlib soruşmur ki, vəziyyət necədi. Oyunun inspektoru da heç bir iş görmür. Qalmışıq belə..."

Matçı izləyən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da açıqlama verib: "Mən nə yardım etməliyəm? Oraya oyun izləməyə getmişəm. Mən hansı yardımı təklif etməliydim? Tutaq ki, mən yoxam, oyunun bitiminə iki dəqiqə qalmış gəlmişəm. Nə baş veribsə, inspektor qeyd edəcək. Futbolçuya təcili yardım göstərilməliydi. Mən futbolçunun dalınca düşəsi deyiləm ki? Əgər lazımı tibbi yardım göstərilməyibsə, inspektor öz raportunda bunları qeyd edəcək və "Şahdağ" tərəfi cəzalandırılacaq".

aut.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər