Qurban Qurbanov: "Vəhhabi təriqəti, ümumiyyətlə, yoxdu"

Qurban Qurbanov: "Vəhhabi təriqəti, ümumiyyətlə, yoxdu"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
“Onlar məndən başqa heç kimə qulaq asmazlar”
 
- Qurban müəllim, eyforiyadasınız?
- İnşallah, yox.
 
- Bu sualı ona görə verdim ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşəndən sonra siyasətçilərdən tutmuş aktyorlara, müğənnilərə, sadə azarkeşlərədək hər kəs “Qarabağ”ın uğurundan danışanda təbriki belə ünvanlayırdılar: “Təbriklər "Qarabağ", təbriklər Qurban Qurbanov!” Kim olsa, başı gicəllənərdi...
- Hər şey normaldı. Düşünürəm ki, eyforiyada olmalı da deyilik. Çünki bu, bizim işimizdi. Biz buna iş kimi yanaşırıq. İdmanda biri qalib, biri məğlub olmalıdı. Bunu nəzərə alıb irəliləyirik.
 
- Amma “Bakı” ilə oyunda futbolçularda eyforiya hiss olundu...
- Ona eyforiya deməzdim, sadəcə, böyük oyunlardan çıxıb bu oyuna köklənə bilməmək problemi ola bilərdi.
 
- Futbolçularınızın xarakterlərinə görə narahat olduğunuzu demişdiniz...
- Çoxdan bəzilərinin xarakterinə görə narahatam. Bunu bir daha hiss elədim.
 
- Avroliqanın qrup mərhələsinə düşmək, mənə elə gəlir ki, həm uzun, həm də çox çətin oldu.
- Doğrudan da, uzun oldu, amma düşünürəm ki, bir tərəfdən də bizim üçün maraqlı oldu. Mənim üçün də böyük təcrübə idi. Bəlkə, Avroliqaya birbaşa düşsəydim, onda eyforiyada olardım. Amma get-gedə təcrübənin çoxalması, böyük komandalarla oyunlar, məğlubiyyət və qələbələri hiss etmək işimizin xeyrinə oldu.
- Amma əsl çətinlik bundan sonra başlayır. “Qarabağ” bu uğuru təkrarlamasa, təsadüf kimi qələmə veriləcək. Çətinlik bundadı, yükün altından necə çıxacaqsınız?
- Çətinlik ola bilər. Ümumən uğurlardan sonra futbolçuların xarakterində problem olur. Bütün bunlara hazıram.
 
- Futbolçuların psixoloji hazırlığı ilə şəxsən özünüz məşğul olursunuz?
- Demək olar ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Çünki futbolçularla daha çox təmasda olan mənəm. Başqa kiməsə desəm ki, futbolçuların psixologiyası ilə məşğul ol, onda həm özüm narahat olaram, həm də onlar məndən başqa heç kimə qulaq asmazlar.
“Azərbaycanda keyfiyyətli futbolçu tapmaq çətindi”
  
- Kimi oyuna kökləmək daha rahatdı: yerliləri, yoxsa legionerləri?
- Hərənin özünəxas çətin və asan dili var.
 
- Legionerlərlə necə anlaşırsınız? Tərcüməçi vasitəsilə ünsiyyət istənilən səviyyədə alınır?
- Futbol dili, demək olar ki, birdi. Bəzi terminlər həm azərbaycanlılara, həm də legionerlərə tez çatır. Yaxşı tərcüməçimiz var. O, fikirlərimi tam izah edə bilir.
 
- Bəs tərcüməçi əsəbinizi futbolçulara necə çatdırır?
- Onu kənardan görmək lazımdı (gülür).
 
- Danilo Dias “Qarabağ”a gələndən təxminən bir ay sonra belə açıqlama vermişdi: Qurban Qurbanov mənə böyük qardaş kimidi. Hörməti dərhal necə qazanırsınız?
- (Gülür) Ağıllı futbolçular bəzən öz açıqlamalarında bunu tez ifadə edirlər. Amma məncə, həqiqəti deyib. Həqiqətən, mən təkcə məşqçi kimi yox, bir yoldaş kimi onlara fikrimi çatdırıram, gələcəkləri üçün çalışıram. İstəyirəm ki, bütün işləri uğurlu olsun və daha yaxşı futbolçu kimi yetişsinlər. Bəlkə, buna görə belə bir fikir formalaşıb.
 
- Qurban Qurbanov əvvəllər deyirdi ki, strategiyam yerli futbolçularla çempion olmaqdı. Braziliyalılarla çempion olandan sonra əmin oldu ki, yerli futbolçularla çempion olmaq mümkün deyil?
- Yerli futbolçuların dəyərini bilməliyik. Yerli futbolçularla hər dəfə çempionluğun bir addımlığında qalmışıq. Ümumən götürsək, bütün komandalarda legionerlərin sayı çoxdu. Azərbaycanda 9 milyon əhalinin içində hazırda keyfiyyətli futbolçu tapmaq çətindi. Digərləri ilə başabaş mübarizə aparmaq üçün mütləq bir neçə legionerə ehtiyacımız var. Ola bilər ki, gələcəkdə yerli futbolçularla belə uğur əldə edək.
 
- Sizi məşqçi həmkarlarınızdan kimlər təbrik elədi? İlk təbrik edən kim oldu?
- Demək olar ki, hamı təbrik etdi. Kimi mesaj göndərdi, kimi zəng elədi. Amma ilk kimin təbrik etdiyini xatırlamıram.
- Bəs AFFA-dan təbrik gəldi?
- AFFA-dan oyundan dərhal sonra təbriklər gəldi. Səhəri günü Rövnəq müəllim (AFFA-nın prezidenti Rövnəq Abdullayev - N.E.) zəng edib təbrik elədi.
 
- “Qarabağ” çempion olanda sonuncu oyunda mən orada idim, Sizin göz yaşınız vardı. Çempion olmaqla Avroliqanın qrupuna düşmək eyni hisslər idi?
 - Fərqli hisslərdi. Demək olar ki, hər il eyni ssenari təkrar olunurdu. Avropa arenası başqadı, daxili çempionat başqa. Sadəcə, Avropada bu hissləri iki ayın içində, amma çempionatda il ərzində keçirirsən. Çempion olmaq mənə başqa cür təsir elədi.
- Hamı düşünür ki, sizə Azərbaycan millisinin baş məşqçisi postu təklif olunacaq. Bəziləri isə deyir ki, hələ tezdi, “Qarabağ”ı uğura aparmaq lazımdı. Bəs özünüz necə düşünürsünüz, təklif gözlənilirmi, gəlsə, qəbul edərsinizmi?
- Açığı, hazırda bu barədə düşünmürəm. İşimi nəzərə alsaq, bu, mənim üçün böyük təcrübədi. İl boyu komandanı daim oyuna hazırlamaq, oyuna çıxmaq məşqçilik təcrübəsi üçün böyük köməkdi. Milli komandanın ola bilər ki, il ərzində 5-10 oyunu olsun. Bu, daha rahat olar. Böyük klublara gedib təcrübə toplamaq şansı da çox olar. Amma hazırda belə bir təklif yoxdu. Bu barədə düşünmürəm. Əlbəttə, hər bir məşqçi istəyər ki, milli komandanın başında olsun. Bu, bir imicdi, böyük təcrübədi. Klubdan başqa milli komandanın baş məşqçisi olmaq əlavə və çox fərqli təcrübədi. Masa arxasında təkliflər olanda geniş müzakirələr olacaq. Tam razılığa gələndən sonra belə bir təklifi qəbul etmək olar.
 
- Berti Foqts demişdi ki, Qurban Qurbanov məndən sonra millinin baş məşqçisi olacaq. Artıq buna işarə vurulub. Amma bilirsiniz ki, millinin baş məşqçisi olmağınızın tamamilə əleyhinəyəm. Məşqçi kimi Sizi itirmək istəmirəm. Səbəbini deyim: Avroliqa oyununda meydana 8 legionerlə çıxan Qurban Qurbanov milli komandada 11 yerli futbolçunu oynadacaq. Əminsiniz ki, yerlilərlə nəyəsə nail olacaqsınız?
- Mən heç bu gün də əmin deyiləm ki, 8-10 legionerlə meydana çıxsam, uğur əldə edə bilərəm. Futbolda mümkünsüz heç nə yoxdu. Get-gedə düşünürəm ki, bizim futbolçuların təcrübəsi də artır. Amma bu suala milli komandada baş məşqçi olsam, tam cavab verə bilərəm, uğur əldə etmək olar, ya yox.
 
“Qarabağ”a qarşı bir az fərqli münasibətin şahidi oluram”
 
- Qalmaqaldan uzaqsınız. Özünüzü necə qoruyursunuz? Haqqınızda kiminsə dediyi fikri şərh eləməkdən imtina etməklə buna nail olursunuz?
- Qalmaqaldan doğrudan uzağam. Qalmaqal elə bir şeydi ki, buna başladınsa, bu, daima uzanır. Bakı kiçik şəhərdi, hamı bir-birini tanıyır, bütün futbol ictimaiyyəti, futbol mütəxəssisləri, veteranlar haqda məlumatım var. Belə bir sual mənə gələndə, təxmini bilirəm ki, o insan necə insandı, bu sözü işlədə, deyə bilərmi, yaxud bundan mənə ziyan gələrmi? Hər birini tanıdığıma görə belə suallardan uzaq dururam.
- Legionerlər təmsil etdikləri rayonu görüblərmi? Ağdamı görüb tanımaq imkanı əldə edə biliblər?
- Görənlər də var. Amma yeni gələn legionerlər görməyib. Qalanları görüb, hətta orada oyun da oynamışıq.
- Belə iradlar səslənir ki, bizim azarkeşlər bir o qədər də sadiq deyil. Oyunu yarımçıq tərk edirlər. Azarkeşlərdən razısınız?
- Bizim azarkeşlər “Zalsburq”la Bakıda keçirilən oyunda göstərdilər ki, azarkeşlik edə bilirlər, çox çılğındılar və komandaya sadiqdilər. Həqiqətən, azarkeşlərin bizim evdəki oyunda qələbə qazanmağımızda böyük köməyi oldu. Hər şey çempionatımızdan asılıdı. Çempionatımızda azarkeşlərin sayı çox olsa, get-gedə azarkeş mədəniyyəti də formalaşacaq. Avropa oyunlarında azarkeşlərimiz yaxşı nəticə, qələbə görmək istəyir. Bizim azarkeşlər özlərini oyuna hazırlayanda komandanı sona kimi, hətta məğlub olanda da dəstəkləyir.
 
- “Qarabağ”ın oyunlarına həm “Neftçi”, həm “Xəzər Lənkəran”ın azarkeşləri, həm də sıravi insanlar gəlir. Bu, komandanın oyununun, yoxsa Qarabağ amilinin nəticəsidi?
- Düz qeyd elədiniz ki, son vaxtlar “Qarabağ”a simpatiya çoxalıb. Bəzi rayonlarda oluruq, şəhərdə olanda da komandamıza və hətta özümə qarşı insanların fikri başqa cürdü. Həm Qarabağ adı, həm də son vaxtlar yaxşı təbliğatın aparılması “Qarabağ”a qarşı insanlarda fərqli hiss yaradıb. Komandaya qarşı sevgi var. Bu sevgiyə görə hər bir azarkeşə minnətdarlığımı bildirirəm. Get-gedə “Qarabağ”a qarşı bir az fərqli münasibətin şahidi oluram.
 
- Bir dəfə demişdiniz ki, qadınların stadionda futbol izləməsinin əleyhinəyəm. İndi qadınlar məhz “Qarabağ”a və Qurban Qurbanova görə stadiona gəlir. Özünüzü günahkar sayırsınız?
- Olmasa, daha yaxşıdı (gülür). Bu gün azarkeşlik bizdə tam formalaşmayıb. İstər-istəməz, biri söyüş söyür, biri nalayiq ifadə işlədir, insanlar eyni deyil. Biri hirsindən ağzından söz qaçırır. İstəmirəm ki, xanımlarımız o söyüşləri eşitsin. Ona görə demişdim ki, qadınların stadiona gəlməsinin əleyhinəyəm. Hətta mən futbol oynadığım dövrdə qardaşımın da stadiona gəlməsini istəmirdim. Azarkeş belədi ki, yeri gələndə futbolçunu da söyür, nalayiq ifadələr işlədir. Qardaş da eşidəndə reaksiya verəcək, dava düşəcək.
 
- Övladınız “Qarabağ”ın oyunlarına baxmağa gəlir?
- Oğlum gəlib baxır.
 
- Bəs ailənizdəki xanımlar televiziyadan oyunları izləyirlər? Qadın olaraq futbola maraqları varmı? Yoxsa, Sizə görə baxırlar? Evinizdə xanımların futbola münasibəti necədi?
- Özlərindən soruşsam, deyəcəklər ki, sənə görə baxırıq, futbolu sevirik. Amma dəqiq bilmirəm, bəlkə də, heç xoşlamırlar futbolu (gülür).
 
- Evdə televizorun pultu kimin əlində olur?
- Bəzən qızım bu işdə mənə qalib gəlir.
 
- Oğlunuzun peşəkar futbolçu olmasını istərdiniz?
- Hazırkı duruma və Azərbaycan reallığına baxsaq, istərdim ki, futbolçu olsun. Dəfələrlə demişəm ki, mənim üçün daha vacib olan onun insani keyfiyyətləridi. Həkim, futbolçu ola, başqa sahədə də çalışa bilər, amma insani keyfiyyətlər çox önəmlidi.
“Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları üçün ən ağır cəzadı”
 
- Futbolçu olmaq prestijdi, yoxsa daha yaxşı qazancdı?
- Ümumən prestiji nəzərə alıb oynasa, ondan futbolçu çıxmaz. Qazancı düşünsə, yenə də yaxşı futbolçu ola bilməz. Futbol elədi ki, ona düzgün yanaşma tərzini müəyyənləşdirə bilsən, heç xəbərin olmadan prestij də, dolanışıq da olacaq.
 
- Avropa klublarından hansının baş məşqçisi olmaq istəyərdiniz?
- Bu haqda düşünsəm, bu, mənim işimə mane ola bilər. Reallığa baxsaq, Azərbaycan futbolçularına Avropa klublarından diqqət azdı. Təbii ki, belə situasiyada azərbaycanlı məşqçiyə də münasibət fərqli olmayacaq.
- “Qarabağ”ın büdcəsi dünyanın aparıcı klublarının büdcəsi qədər olsa, transfer edəcəyiniz ulduz futbolçu kim olar?
- Bizim şəraitimiz büdcəmizin Avropa klublarının büdcəsi qədər olmasına imkan vermir. Büdcəni çoxaldıb hansısa ulduz futbolçunu almaqdansa, stadionlar, bazalar tikmək, infrastruktur qurmaq lazımdı.
- Fərz edək ki, onlar var...
- Onlar olandan sonra indi fikrimdə tutduğum ulduzlar olmayacaq.
 
- Qurban Qurbanov futbolçulara futbol oynadığı vaxt öyrəndiklərini öyrədir, yoxsa başqa metodlardan istifadə edir?
- Məncə, o vaxt öyrəndiklərimdən futbolçulara dediklərim çox cüzidi. Çünki indi futbol tam fərqlidi və indi başqa şeylər tələb olunur. O vaxtla bu vaxtı müqayisə etmək doğru olmaz.
 
- Futbolçuya ən sərt cəza üsulunuz nə olur?
- Futbolçuların mənə olan münasibəti, həqiqətən, bir az başqadı. Bəlkə də, mənə məşqçi kimi baxmırlar. Bəlkə, biri yoldaş, biri dost kimi baxır. Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları üçün ən ağır cəzadı.
- Hansı musiqiyə qulaq asanda gərginliyiniz azalır?
- Açığı, musiqiyə qulaq asmağa vaxtım yoxdu.
 
- Kitab oxumağa da vaxt tapmırsınız?
- Oxuyanda da futbola aid kitablar oxuyuram.
 
“Neçə dəfə olub, yanılmışam”
- Sosial şəbəkələrdə də yoxsunuz. Amma adınıza açılmış bir neçə səhifə var...
- Özüm yoxam. Azərbaycanda "İphone" telefonlar dəbdədi, artıq 10 gündü o telefondan imtina etmişəm. İnternetə giriş imkanı məhdud olan telefon almışam. İnternet vaxtımı, həqiqətən, çox aparırdı.
 
- İnternetdə nəyə baxırdınız ki?
- Biri deyirdi ki, hansısa saytda Natiq Muxtarlı belə yazıb, ona bax (gülür).
 
- Necə dincəlirsiniz?
- Daha çox futbol oynamaqla, övladlarımla gəzintiyə çıxmaqla. Elə indi Şamaxıdan gəlirdik, bir günlük istirahətə getmişdik. Əslində, mənim istirahətim komandanın qələbəsidi. Qələbə qazananda 1 illik enerji toplayırsan (gülür).
 
- Hakan Şükür futbolçu idi, indi siyasətçi, deputat oldu. Sizdə belə bir istək yoxdu?
- Siyasətə böyük marağım yoxdu. Açığı, elə bir dövrdə məşqçiliyi seçmişəm ki, başqa şey haqda düşünməyə vaxt yoxdu. Daim işin içində olmalıyıq ki, Azərbaycan futboluna faydamız dəysin. Hələ elə böyük işlər əldə etməmişik ki, futbolu kənara qoyub, siyasətə keçək.
- Futbolda Sizi nə özünüzdən çıxarır? Kənardan izləyənlər deyirlər ki, Qurban Qurbanov olduqca təmkinli biridi, onun mimikasından hiss-həyəcanını sezmək çətindi. Son dönəmlərdə hirsləndiyiniz olubmu?
- Hər oyunda, hətta qalib gəldiyimiz oyunlarda da hirslənirəm. Öz narazılığımı isə soyunub-geyinmə otağında, yaxud oyunu analiz edəndə bildirərəm. Bəzən oyun zamanı formalaşan fikirlə oyunun video yazısına baxanda gördüklərim fərqli olur. Ona görə də sərt qərarlarımı video-yazıya baxandan sonraya saxlayıram. Neçə dəfə olub yanılmışam. Oyunda epizodu başqa cür görmüşəm, video-yazıya baxandan sonra anlamışam ki, yanılmışam.
 
- Futbolla bağlı kitab yazmaq istəmirsiniz?
- Açığı, belə düşüncələrim var, görək də.
 
- Futbolçulu karyeranızın hansı dönəmində məşqçi olmaq qərarına gəldiniz?
- Rusiyada oynadığım dönəmdə məndə belə fikirlər oldu. Bakıya gələnə qədər orada qeydlərimi aparmağa başladım. 31 yaşımda belə bir fikrə düşdüm.
 
- Yaddaqalan qolunuz hansıdı?
- Yaddaqalan qollar olub. Azarkeşlərin yadında Serbiyaya vurulan qol qalıb. Səhv etmirəmsə, milli komanda tarixində səfərdə ilk xalımızı qazanmışdıq.
- Tural İsgəndərov, deyəsən, bacınızın oğludu?
- Bəli.
 
- Tural İsgəndərovdan xəbər çıxmadı. İstedadı olmadığına görə onu oynatmırsınız, yoxsa qohumunuz olduğu üçün qınaqdan çəkinirsiniz?
- Həqiqətən, gənc yaşlarında istedadı var idi. Oynatmamağımda haradasa dayısı olmağımın rolu var.
 
- Qohumlar narazılıq etmirlər, dayı nə gündə lazımdı?
- Rayondan uzaqdayam, onları ayda-ildə bir dəfə görürəm, birtəhər yola veririk (gülür).
 
“Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub”
 
- İndi verəcəyim sualı əvvəlcə redaksiyada müzakirə elədik. İkitirəlik yarandı: kimi dedi ki, sual verilməlidi, kimisi də dedi ki, verilməməlidi. Mənə görə cəmiyyətdə bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün məhz bu sual indi Sizə verilməlidi. Özünüz də bilirsiniz ki, “Qarabağ”da oynayan futbolçuları və Qurban Qurbanovu hansısa dini tamayüllü hesab edirlər. Bəlkə Qurban Qurbanov konkret olaraq dini baxışlarını açıqlasın və məsələ də bununla bitsin, cəmiyyətdə də bu məsələnin müzakirəsi bağlansın.
- Çox söz-söhbət olur, bunun niyə olduğu mənə çatmır. Biz nəyi düz eləmirik və nəyi pis edirik? Hamımız özümüzü müsəlman sayırıq. Biz Məhəmməd peyğəmbərin (s.ə.s.) yolunu gediriksə, dediklərini etməyə, dinimizi təbliğ etməyə çalışırıqsa, pis fikir və əməllərdən, dedi-qodudan, spirtli içkidən, insan orqanizminə ziyan olan hər bir şeydən uzaq olmaq istəyiriksə, bunun nəyi pisdi?
 
- Sualı belə qoyaq: Qurban Qurbanov dindardı, yoxsa hansısa dini təriqətin üzvüdü?
- Çalışıram ki, dinin tələb etdiyi vacib əməlləri yerinə yetirim, müsəlman kimi yaşayım və müsəlman kimi də dünyadan köçüm. Mənim o dərəcədə elmim də yoxdu ki, bunu hərf-hərf açıqlayım. Mənim bildiyim odu ki, vəhhabi təriqəti, ümumiyyətlə, yoxdu. Bu, sadəcə uydurmadı. Kimisi saqqal saxlayır, kimisi saxlamır. Hərəyə bir ad qoşsan, gəlib hara çıxacaq? Bunların hamısı boş şeylərdi. Buna önəm də vermirəm. Peyğəmbərin (s.ə.s.) üstünə su da atıblar, döyüblər də, yeri gələndə tüpürüblər də, amma o, Allahın rəsulu kimi onun dediklərini yerinə yetirməyə başlayıb. Dini hansı formada insanlara çatdırmaq lazımdısa, öz işi ilə məşğul olub. Onlar belə şeylərə səbr ediblərsə, qoy minlərlə adam desin ki, Qurban “filankəsdi”. Heç bir pis yolun yolçusu deyiləmsə, kiməsə pislik etməməyə, düzgün və təmkinli, təmiz olmağa çalışıramsa, qoy kim nə danışır danışsın. Kimin haqqında  danışmırlar ki? O tip fikirləri ortaya atanları zəif insan sayıram. Önəm vermirəm, yəqin ki, bu məsələ ilə bağlı məndən indiyə kimi bu qədər geniş açıqlama eşitməmişdiniz. Bundan sonra nə qədər istəsələr danışa bilərlər. İndi elə dövrdə yaşayırıq ki, bilirlər Qurban hara gedir, hardan gəlir. Hamı bilir ki, kim hansı yolun yolçusudu. Ən zəif insanlar bilmədiyini danışan, böhtan atan insanlardı.
- Bu tip söhbətlər “Qarabağ”ın imicinə zərbə vurmaq üçün atılan addım ola bilər?
- Bəlkə də, düşünülmüş fikirlərdi. Əgər biz, rəhbərlik, futbolçular, məşqçilər olaraq bir-birimizə inanırıqsa, media nümayəndələri, dövlət məmurları bizi tanıyırsa, bizim narahat olacaq bir işimiz yoxdu. 40 yaşımız var, bioqrafiyamızı 40 dəqiqə içində danışa bilərik. Amma böyük ümidlərlə “Çempionlar Liqasının qrupuna düşək”, “çempion olaq” kimi xəyallar qururuq. Axırda özümüzlə nə aparacağıq? Ən azından pis ideya və fikirlərdən, kiminsə dalınca danışmaqdan uzaq olaq. Qalan şeylər inşallah düzələr. Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub, Qurban onda yaxşı olub, indi o vərdişlərdən uzaqdır deyə, pis oğlan olub?
 
- Neçə yaşında ibadətə gəldiniz?
- Gözümü açandan anamı namaz qılan görmüşəm. O vaxtlar namaz qılmasam da, yaxşı əməllər etməyə çalışmışam. İbadətə Rusiaydan Bakıya dönəndən sonra, 31 yaşında başladım. 
publika.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər