Avropa Liqasının qrup mərhələsində"İnter"dən alınan 0:2 hesablı məğlubiyyətdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bədbin görünməyib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı oyun haqda fikirlərini bu cür bölüşüb:
"Məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur. Yenilgiyə görə yox, futbolçuların etdikləri səhvlərə üzülürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumuzu sərgiləməyə çalışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.
Qurbanov "İnter"i səhvlər etməyə məcbur etdiklərini, lakin italyanların liderliyə layiq olduqlarını da etiraf edib: "Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər nəticə əldə etməyə imkan vermədi. Futbolçular verilən tapşırığı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəqibin 6 xalı var, bu gün zirvədə olmağa layiqdir. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, "İnter” çox yaxşı müdafiə xəttinə malikdir. Onları səhv buraxmağa biz məcbur etdik. Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdir. Mənim də hücumçu kimi 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, "İnter” kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədir. Gələcəkdə yenə bu arenada oynamaq istəyərdim”.
Qurbanov daha sonra komandasının şansı barədə danışıb: "Rəqiblərimizin bu gün heç-heçə etməsi bizi daha məsuliyyətli olmağa məcbur edir. Bizi növbəti turlarda "Dnepr”lə çətin oyunlər gözləyir. Bu oyundan sonra qarşıdakı planlar haqda düşünmək olar. Hazırda fikrimiz çempionata və avroliqaya yönəlib. Bu gün bütün futbolçulara güvənirəm. Hər birindən maksimum yararlanmağa çalışıram. Amma elə səhvlər olur ki... Bu gün desəm ki, kiminsə yerinə futbolçu axtarıram, bu, düzgün çıxmaz. Bakıdakı oyunda həm maraqlı, həm baxımlı olacaq. Amma "İnter” üçün asan olmayacaq”.
Hakimliyə gəlincə, Qurbanov onların işindən narazı qalmadığını söyləyib: "Hakimlər toxunulmazdı. Mən onlar barədə fikir söyləməyi xoşlamıram. Bugünkü oyuna görə, hansısa irad bildirmək istəmirəm”.
Fanat.az