"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibə verib. Fanat.az həmin müsahibəni təqdim edir.
- Klubunuzun tarixi uğuru ilə bağlı nə deyə bilərsiz?
- Bu, bizim üçün böyük uğurdu. Neçə il idi ki, belə bir nəticə qazanmağa çalışırdıq. Şadam ki, nəhayət istəyimizə nail olduq. Çətin oyun oldu, amma biz azarkeşlərimizi sevindirməyi bacardıq.
- Hesab 1:1 olanda nə düşünürdünüz? Axı istənilən bir qolun buraxılması hər şeyin sonu ola bilərdi...
- Sonadək inanırdıq. Bir neçə qol şansımız oldu. Təkcə Reynaldo dəfələrlə fərqlənə bilərdi. Amma son dəqiqələrdə ancaq hesabı qorumağa çalışırdıq. Çünki bizi milyonlar izləyirdi.
- Bu zəfəri kimə həsr edirsiniz?
- Bu, xalqımızın qələbəsidi. Bizim bir milyon qaçqınımız var və bu qələbə ölkəmizə çox lazım idi.
- "Qarabağ"dan qrup mərhələsində nə gözləyək?
- Layiqli oyun və nəticə. Ümid edirəm ki, bundan da böyük sevinc bəxş etməyi bacaracağıq. Baxaq, görək püşk bizim bəxtimizə hansı komandaları çıxaracaq.
- Qrupda hansı komandaları görmək istərdiniz?
- Kiminlə oynamağımızın fərqi yoxdu. Qrup mərhələsində zəif rəqib gözləməyə dəyməz. Sadəcə, onu deyə bilərəm ki, biz qrup mərhələsinə düşməklə kifayətlənmək istəmirik.
- Transferlər olacaq?
- İstərdik. Bəzi mövqelərin güclənməsinə ehtiyac var. İki gün sonra transfer pəncərəsi bağlanır və bu zaman kəsiyində yaxşı futbolçu tapmaq çox çətindi. Amma biz ümidimizi itirmirik və 1-2 yeni futbolçu almağa çalışacağıq.
Fanat.az