Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda Hollandiyada "Tvente" ilə cavab qarşılaşmasında üz-üzə gələcək. Fanat.az xəbər verir ki, dünən baş tutan məşqdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis ilk olaraq "Tvente" ilə 5 il öncəki oyunu xatırlayıb: "Bu, müsbət haldı ki, bir də bura qayıtmağı bacardıq."Tvente"nin gözəl stadionu, möhtəşəm fanat ordusu var. Ot örtüyünə isə söz ola bilməz".
Qurbanov Bakıda olduğu kimi, yenə də maraqlı matçın baş tutacağını hesab edir: "Bu, ilk oyunun təkrarı olmayacaq. Əlbəttə ki, fərqli 90 dəqiqə izləyəcəksiniz. İndi müdafiə yoxsa hücum futbolu oynayacağımızı söyləmək mümkün deyil. Rəqib güclü ifaçılardan qurulmuş heyətə malikdi. Hər bir komanda rəqibin imkan verdiyi qədər hücum edir. "Tvente" intizamlı futbol sərgiləyir, xüsusilə müdafiə xətti məni heyran etdi".
"Qarabağ"ın çalışdırıcısı "Tvente"nin müəyyən üstünlüyə malik olduğunu da gizlətməyib: "Əlbəttə, oyunun Enşededə keçirilməsi rəqibimizə müəyyən üstünlük qazandırır. Bu, o demək deyil bura məğlub olmağa gəlmişik. Öz şansımızdan maksimum yararlanmağa çalışacağıq. Mütləq diqqətli olub, intizamlı oynayıb səhfə yol verməməliyik. Komandaların şanslarını bərabər sayıram".
Fanat.az