Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun 2014-cü ildə əməkdaşlıq edəcəyi brendin adı məlumdu. Fanat.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komanda üzvləri bu il ABŞ-ın “Fuji” kompaniyasının “SST 1.1” tipli velosipedlərindən istifadə edəcək.
Uzun illər Qərbi Avropa komandaları ilə əməkdaşlıq edən şirkət indi Asiyadan Avstraliyaya qədər olan bir coğrafiyanı əhatə edir. “Synergy Baku“ isə şirkət üçün açılan yeni bir səhifədi. “Fuji SST” peşəkar velosipedçi üçün əla seçimdi. Modelin adı isə “Super Stiff Team” - yəni, "Super Möhkəm Komanda” anlamına gəlir ki, bu da sprinterə yarış zamanı özünü tam rahat hiss etməyə imkan verir.
“Fuji”nin meneceri Miley Gelvez anlaşma ilə bağlı açıqlama verib: “Synergy Baku” komandası ilə əməkdaşlıq etməkdən çox məmnunuq. “Fuji SST” “Giro d”Italia”, “Vuelta” kimi çoxgünlük veloyürüşlərdə sınaqdan çıxmış bir modeldi. Bu üzdən də “Synergy Baku”nun velosipedlərimizdən istifadə etməsi bizi çox fərəhləndirir”.
Qeyd edək ki, “Fuji SST” brendi “Synergy Baku”nun bəzi üzvlərinə artıq tanışdı. Məsələn, ötən il Matt Bremier bu şirkıtin velosipedi ilə çempion sistemində çıxış edib. Markus Eybegger isə “Footon-Servetto”da mübarizə aparıb. Artıq komanda üzvlərinin ixtiyarında olan yeni velosipedi isə Patrik Leyn bazar günü Avstraliya Milli Çempionatında sınaqdan keçirib.
“Bu qeyri-adi bir velosipeddi. Ümid edirəm ki, “Fuji SST”nin sayəsində bu il bizim qələbələrimiz çox olacaq” deyə, Patrik Leyn bildirib.
Velosipedlərdən başqa, “Fuji” kompaniyası “Synergy Baku”nu “Bont Cycling” (ayaqqabı), “Schwalbe” (velosiped şini), “HED Cycling” (təkər) və “SMS Santini” (idman geyimi) ilə də təhciz edəcək.
Fanat.az