"Simurq" Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq. Fanat.az xəbər verir ki, Zaqatala klubunun bu dəfəki rəqibi Çinin "Şanxay Şensin" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
"Simurq" ötən gün bir məşqə çıxıb. Zədə səbəbindən bir neçə gündü hazırlıqlarda iştirak etməyən İlkin Qırtımov artıq çalışmalara başlayıb. "Yonq Afrikans"la görüşdən öncə belində ağrılar olan və bu səbəbdən oyuna çıxmayan Draqan Çeran bu məşqdə də iştirak etməyib.
"Simurq" transfer çalışmalarını da, davam etdirməkdədi. Dünəndən düşərgəyə baxış üçün daha bir futbolçu qoşulub. Bu belçikalı yarımmüdafiəçi Benjamin Lambotdu. 26 yaşlı futbolçu bu günkü yoldaşlıq görüşündə forma geyinəcək. Onun haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
Lambotun son iş yeri Belçikanın "Lyerse" klubu olub. O, 2012-ci ildən çıxış etdiyi komandada 42 oyun keçirib. 26 yaşlı yarımmüdafiəçi əvvəllər Belçikanın "Tubize" (2001-2009, 79 oyun, 9 qol), "Ekselsior" (2010, 12 oyun) və "Antverp" (2009-2012, 85 oyun, 7 qol) klublarında çıxış edib. Məşhur "Transfermarkt" saytı ona 650 min avro qiymət qoyub.
Fanat.az