I diviziona düşən "Rəvan"ın yerli futbolçuları kimi, əcnəbiləri də yavaş-yavaş özlərinə klub tapır. Fanat.az xəbər verir ki, ötən mövsümün sonunadək komandanın formasını geyinmiş legionerlərdən artıq 4-ü özünə klub tapıb.
Xuan Manuel Varea Bosniya və Hersoqovina çempionatına dönüb. Argentinalı forvard "Jelezniçar"la müqavilə bağlayıb. O, artıq Bosniya və Hersoqovina çempionatında 3 oyuna çıxaraq 63 dəqiqə oynayıb. Varea "Rəvan"ın heyətində keçirdiyi 66 oyunda 17 qola imza atıb.
Bu ilin qışında "Rəvan"a transfer olunan Tyaqo Mirasema Braziliyanın B Seriyasında çıxış edən "İkasa" klubuna keçib. Braziliyalı forvard avqustun 20-də "Parana" ilə keçirilən oyunun 63-cü dəqiqəsində meydan çıxaraq debüt edib. Tyaqo "Rəvan"ın heyətində 15 oyun keçirib və 4 qol vurub.
Qapıçı Lukas Sapela vətəni Polşaya dönüb və 1-ci liqada çıxış edən "Olimpiya" (Qrudsiads) klubu ilə müqavilə bağlayıb. O, komandasının yeni mövsümdə keçirdiyi 5 oyunun hamısında 90 dəqiqə meydanda olub və 6 qol buraxıb. "Olimpiya" Lukasın oynadığı oyunlarda 7 xal qazanıb (2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət). Sapela "Rəvan"da 49 oyun keçirib.
Dmitri Kruqlov "Rəvan"a gəldiyi komandaya - Estoniya "Levadiya"sına qayıdıb. Estoniya çempionatı başlamadığından o, hələ debüt etməyib. Qışda "Rəvan"a transfer olunan Kruqlov 8 oyun (634 dəqiqə) oynadıqdan sonra ağır zədə alaraq mövsümü erkən bitirmişdi.
Qeyd edək ki, ötən mövsümün sonunadək "Rəvan"ın formasını geyinmiş legionerlərdən braziliyalı Julio Sezar, sloveniyalı Mitya Moreç, bosniyalı Boyan Markoviç, kamerunlu Mişel Balokoq və slovakiyalı Kamil Kopunek hələ klubsuzdu.
Fanat.az