Fransanın "Ekip" nəşri Avropa Liqasının I turu çərçivəsində baş tutan "Qarabağ" - "Sent-Etyen" oyunu haqda yazı dərc edib. Fanat.az xəbər verir ki, həmyerlilərini "ağ yuyub, qara sərən" qəzet, qapıçıları və Tanrını xüsusi qeyd edib.
"Sent-Etyen"in yalnız ilk 15 dəqiqədə nələrsə etməyə çalışdığını qeyd edən "Ekip", daha sonra meydanda ağdamlıların ağalıq etdiyini vurğulayıb: "Corc Leroy və Maksim Medvedevin fəallıqları Brisonun cavabdeh olduğu sol cinahda xeyli problem yaratdı. Çumbinyu və Reynaldo da "Qarabağ"ın hücumdakı əsas silahları idi. Ancaq hər dəfə komanda yoldaşlarının dadına Rufye çatırdı. Elə onun sayəsində də "yaşıllar" evə 1 xalla dönməyi bacarırlar. Əlbəttə, Azərbaycana səfər etməmişdən öncə "Sent-Etyen" 3 xal qazanmaq istəyirdi. Ancaq indi 1 xala görə də Tanrıya şükür etməlidirlər. Növbədə "Dnepr"di və bu dəfə büdrəməyə haqları yoxdu".