"İnter"in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyevin müsahibəsi
- 20 gün ərzində “İnter” mövsümün ikinci hissəsinə fəal şəkildə hazırlaşdı, yoldaşlıq matçları keçirdi. Hazırlığın gedişindən razı qaldınız?
- Toplanış planlaşdırdığımız şəkildə keçdi. Hazırlıq doğru istiqamətdə getdi. Bundan başqa, biz komandaya “İnter” U-17 və U-19 komandalarından bir neçə futbolçu cəlb etdik. Onları yoxlamaq üçün də yoldaşlıq oyunlarının keçirilməsi lazım idi. Hazırda biz onlarla bağlı qərar qəbul edirik. Güman ki, onlardan bəziləri komandada qalacaq. "Şuşa" ilə son yoxlama qarşılaşması göstərdi ki, komanda yaxşı fiziki vəziyyətdədi. Bu qarşılaşmada uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Bəli, oyun zamanı oyunçular müəyyən səhvlərə yol verdilər, ancaq ümumilikdə gördüklərimdən razı qaldım. Toplanışda lazımi şəraitlə təmin olunmuşduq və buna görə klub rəhbərliyinə, xüsusilə də prezident Georgi Nikolova və komandanın direktoru Natiq Məmmədova minnətdarlığımı bildirirəm.
- Bu isə o deməkdi ki, qış hazırlığı komandaya mövsümün ikinci hissəsində özünü göstərməyə imkan verəcək?
- Bəli. Bizim ixtiyarımızda demək olar bir ay vaxt vardı, lakin komandamızda yeni futbolçular olduğuna görə onları yoxlamaq üçün çox yoldaşlıq matçları keçirdik. Fiziki planda yaxşı hazırlaşdıq, taktiki-teniki tapşırıqlara da diqqət ayırdıq. Gənc futbolçular çempionatın oyunlarına hazır olduqlarını nümayiş etdirdilər.
- Cari mövsümdə Premyer Liqa klubları üçün U-19 çempionatında iştitak məcburi xarakter aldı. Bu vəziyyət komandanıza necə təsir göstərir?
- Mən deyərdim ki, belə bir çempionatın keçirilməsi bizim xeyrimizədi. Biz futbolçularımızı oyun praktikası qazanmaları məqsədilə U-19 komandasına göndəririk. Məhz U-19 komandasının oyunları sayəsində İlkin Sadıxov, Sərtan Taşkın, Amil Atakişiyev və digər uşaqlar yaxşı formadadılar. Etiraf edirəm ki, bu liqanın yaradılması bizim üçün faydalı oldu. Futbolçular daha çox oyun praktikası qazanırlar və daha çox inkişaf edirlər.
- “İnter” çempionatın ikinci hissəsinə 11 xal üstünlüyü ilə başlayır. Bu vəziyyət komandanı rahatlaşdıra bilərmi? Axı lider çox zaman motivasiyada müəyyən problemlərlə üzləşir?
- Biz belə problemlə qarşılaşmayacağıq. İkinci dövrənin “Qarabağ”la keçirilən son oyununda bizim belə problemlərimiz baş vermişdi. Bu oyundan sonra bununla bağlı uşaqlarla söhbətim oldu, həmin görüşdə qeyd edildi ki, çempionat yenicə final mərhələsinə qədəm qoyur və rahatlaşmaq olmaz. Hər oyuna ciddi yanaşmaq lazımdır. Hər bir oyuna final oyunu kimi çıxmaq lazımdı. Çempion olmaq istəyiriksə, o zaman bu məsələyə tam məsuliyyət hissilə yanaşmalıyıq. Bundan başqa, uşaqları hər oyuna psixoloji cəhətdən də hazırlayacağıq.
- Əvəzedici heyətlər arasında keçirilən çempionatda güclü rəqabət var. Əsas rəqibləriniz hansı klublardı?
- Bütün komandalar yaxşıdı. Çempionatda çox güclü rəqabət var. Əsas rəqiblərimiz “Simurq”, “Qəbələ”, Neftçi” və “Xəzər-Lənkəran”dı. Sadalanan klublar özünəməxsus oyun tərzilə seçilir. Onlarla oyun asan olmur. Qalan klublara da diqqətlə yanaşmaq lazımdı, yalnız bu halda uğura ümid edə bilərik.
inter.az