“Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, "zolaqlılar"ın serb çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə yox. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra referi bizə qarşı idi. Çətin oyuna hazır idik. “Barselona”nın belə burda xal qazanması çətindi (bu sözləri ironiya ilə dedi). Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. Niyə “Qarabağ” burda 4 top vurub? Dörd qol vurubsa, “Barselona”dan daha güclüdü, yəqin. Komandam rəqibdən üstün oynadı. İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budu. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Siz nə bilirsiz ki, hazır deyildi? Yaxşı, siz deyən olsun. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim”.
Fanat.az