AZAL-ın vitse-prezidenti Vaqif Qasımovun müsahibəsi
- AZAL idman klubu fəaliyyətini dayandırdıqdan sonra futbol komandasının da eyni aqibətlə üzləşəcəyi barədə xəbərlər yayılıb. Bunları nə qədər real sayırsınız?
- AZAL idman klubu 9 ağırlıqqaldıranın dopinq-testdən keçə bilməyərək, cəzalandırılmaları səbəbindən bağlanıb. Bizim komandanın isə dopinqə heç bir aidiyyatı yoxdu. Hərənin öz sponsoru, prezidenti var. Əksinə, AZAL idman klubu bizə verilə bilər. Çünki fəaliyyəti dayandırılıb, işçiləri göndərilib. Klubun 30-da çox işçisi var idi. Bu qədər ştat vahidini saxlamağın nə mənası var?
- Bu halda Zaur Axundov Azərbaycan Ağır Atletika Federasiyasına da rəhbərlik edə bilər?
- Bunların hamısı söz-söhbətlər, şayiələrdi. Hələ ortada dəqiq bir şey yoxdu. AZAL idman klubunun aqibəti ilə bağlı hələ heç bir açıqlama yoxdu.
- Amma futbol komandanızın I diviziona enmə təhlükəsi də var. Bu halda gələcək fəaliyyətiniz sual altına düşməyəcək?
- Komandamız istənilən halda fəaliyyətini davam etdirəcək. Əvvəla, I diviziona düşməkdən söhbət gedə bilməz. Buna biz imkan verməyəcəyik. İkincisi, lap aşağı liqaya ensək də, oynayacağıq. Klubumuzun dağılmasından heç bir söhbət gedə bilməz. Qurtardı! Bu, nöqtədi. Ayrı söhbət yoxdu.
- Amma komandanın Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra ardıcıl 3 oyunda məğlub olub...
- Əhmədov cəmi 3 oyundu gəlib. Hələ komanda ilə tanış olur. Bu dəqiqə inqilab etməyəcək ki... Hələ oyunçuları yoxlayır, kimin formada olub-olmadığını müəyyənləşdirir. 8-9 tur əvvəl də AZAL rəqiblərinə qalib gələ bilmirdi. Məgər Əhmədov çevriliş edəsi idi? Digər tərəfdən, onun əsas məqsədi gələn ilə səviyyəli komanda yaratmaqdı. Bu il isə heyətlə tanış olur, kimin qalacağını, kimin gedəcəyini müəyyənləşdirir.
- Növbəti turda “Qəbələ”nin qonağı olacaqsınız. Bu oyun AZAL üçün dönüş ola bilər?
- Hər şey ola bilər. Komandamız hər oyuna qələbə üçün çıxır. Amma alınmır. Baxın, bu il neçə-neçə oyunu 1:2 hesabı ilə uduzmuşuq. Yəni, vuruşmuşuq. Ötən tur “Qarabağ”la matçın əvvəllərində əlverişli imkandan yararlana bilsəydik, fərqli nəticə qeydə alınacaqdı.
- Sponsorunuz fərqlidisə, niyə komandanız AZAL adlanır?
- Sadəcə, belə adlanması məsləhət görülüb. “Silk Way” də AZAL-ın tərkibində bir kommersiya təşkilatıdı. Şirkətin təsisçilərindən biri Lüksemburqda, digəri Dubaydadı. Amma komandamızda ad dəyişikliyi mümkün deyil. Onsuz da Avropa kuboklarında “Olimpik-Şüvəlan” adı altında çıxış edirik. Çünki Avropa futbol qurumunda bu adla qeydiyyatdan keçmişik.
lent.az