Legionerlərin xidmətindən istifadə klub futbolu üçün xarakterik haldı. Azərbaycan çempionatına para axını başlayandan sonra bizimkilər də necə deyərlər, başını başlara qoşdu. Təəssüf ki, bəzən yeni transferlər heç nə ilə yadda qalmır. Bu qış elita komandalarının sıralarına cəlb edilən yararsızlar da az deyil. Legioner adına xələl gətirənlərin bir neçəsini yada salaq.
Marat İzmaylov
“Portu”dan icarəyə götürülən Maratın “Qəbələ”də qəpik-quruşa oynamayacağı öncədən məlum idi. Rus çalışdırıcının qarşısına Avroliqaya vəsiqə tapşırığı qoyan rəhbərliyin İzmaylov ideyasını dəstəkləməsi başadüşüləndi. Maraqlıdı ki, tatar yarımmüdafiəçinin şimallılara fayda verməyəcəyini əvvəldən qabardanlar haqlı çıxdı. Start heyətində meydana çıxdığı oyunlarda liderlik xüsusiyyətlərini ortaya qoya bilməyən orta xətt oyunçusu qışdan bəri eniş yaşayan və hədəflərindən addım-addım uzaqlaşan “qırmızı-qaralar”ın dərdinə dərman olmadı. Son vaxtlar yaşıl meydanlarda görünməyən Syominin həmyerlisi haqq etmədiyi pulu alıb, aradan çıxacaq.
Rafael Santos
Dağılmış Kiyev “Arsenal”ının şərəfini qorumuş Rafael Santosun “Qəbələ”də uğurlu olacağını güman etməyə dəyərdi. Müdafiənin mərkəzində oynadığı matçlarda xoş təsir bağışlayan Rafael cinaha “qoyulunca” komandasını “dəfn etdi”. Aldığı zədə isə heç yerinə düşmədi. Uğursuzluq zolağına düşən “qırmızı-qaralar”ın baş qaxıncı sayılmaq bu müdafiəçinin taleyinə yazılıbmış.
Davron Yerqaşov
Qazaxıstan “İrtış”ından tacik müdafiəçi gətirmək sonu əvvəldən görünən gediş idi. Syominin asiyalıyla bağlı qərarı kluba başağrı verdi desək, yanılmarıq. İddialı komandada xüsusi istedadıyla seçilməyən tacikin ehtiyatda qalması məyusedici mənzərədi.
Elias
Mustafa Dənizlinin rəhbərliyi altında azarkeşlərini ümidləndirən “Xəzər Lənkəran” artıq medallar uğrunda mübarizədən “qopub”. Halbuki, rəhbərlik türkiyəli çalışdırıcının güclənmək təklifini “para sandığı”nın ağzını açaraq müsbət cavablamışdı. Şübhəsiz, lənkəranlıların ən səs-küylü transferi braziliyalı Elias idi. Lakin indiyədək forma geydiyi matçlarda qol hesabını aça bilməyən “sambaçı” uyğunlaşma problemi yaşamaqdadı. 2 qol ötürməsi isə “transermarkt”da dəyəri milyon olan oyunçu üçün gülünc nəticədi. Gerisini zaman göstərəcək. Faktdı ki, tərəfdarların ona olan ümidləri doğrulmadı.
Vyekoslav Tomiç
Bəstəboy Orxan Sadıqlının start “11-liy”ə layiq qolkiper olmadığını düşünən Mustafa hocanın elçi düşdüyü Tomiçdən də çox şey gözləmək olardı. Moldova “Şerif”indən alınan xorvat əlcək sahibinin Antalyadakı məşqlərini izləyən jurnalistlər isə onun Sadıqlıdan bir baş üstün olmadığına əminliyini gizlətmədi. Təbii, bu gün Tomiçin legioner statusu ilə ehtiyatda qalması əlavə şərhə əlyeri qoymur. “Baxın, gətirdiyim meydana çıxır” jesti naminə forma şansı qazandırmaq başqa, gətirdiyindən fayda götürmək başqa. Adama sual verərlər ki, “Napoli”yə keçən Toni Doblasla yolları ayırıb Tomiçi almaq nəyə xidmət edirdi?
Deyan Blajevski
Nikola Qliqorov azlıq edirmiş kimi, daha bir makedon – Blajevski də heyətə qatıldı. Deyanın pis təsir bağışlamadığı matçlar olub. Onun Lənkəran təmsilçisinin gücünə güc qatdığını dilə gətirmək isə absurddu. Penaltidən vurduğu qol isə heç nə demək deyil. Cinah yarımmüdafiəçi hələ məhsuldar ötürmə müəllifi olmağa da imkan tapmayıb.
Caba Dvali
Nikolas Gelaşvili zədələndiyi üçün Tiflis “Dinamo”sundan icarəyə götürülən Caba oyunçu sayını artırmaq, Ulriş Kapolonqo zəif təsir bağışladığına görə ön xətdəki boşlu doldurmaq məqsədi ilə heyətə qatıldı. İlk vaxtlar Qurban Qurbanovun güvəndiyi gürcü az keçməmiş kölgəyə çəkildi və bununla da mövsümün sonunda gedəcəyi dəqiqləşdi. Əlbəttə, Dvali çempionluğa çox yaxın olan “Qarabağ”ın Avropa arzularının həyata keçməsinə yardım edəcək gücdə deyil.
Dieqo Madriqal
Adətən seleksiyada “yandıran” Kaxaber Tsxadadzenın oğlu Baçana rəqib gətirdiyi kosta-rikalının taleyi başqa forvardlarınkından fərqlənmədi. 2 oyun keçirib 1 top vuran Dieqoya güvənməyən gürcünün onu əvəzedici komandaya göndərməsinin səbəbini anlamaq çətin deyil. Alıb güvənmirsənsə, deməli, faydasızdı.
İvo Taborski
Heç olmasa, Madriqal qol hesabını açıb. Baçananın əvəzedicisi statusundan qurtulmayan çex forvard Taborskiyə nə ad verək? 5-10 dəqiqə oynamaqla hücumçunun sözünü deməsi çətin məsələdi. Baçana varsa, çətin bank təmsilçisinə xeyir verən hücumçu tapıla... Başqa vaxt maliyyə feyr-pleyindən dəm vuran Georgi Nikolov başa düşməlidi ki, problem yalnız işindən uzaqlaşdırılan menecerdə və seleksiyaçı – məşqçidə deyil.
Axtam Xamrakulov
Meydana hərdən çıxan, start heyətdə möhkəmlənməyən Axtam Xamrakulov bacarıqda futbolçular birinci divizionda onlarladı. AZAL-a tacik müdafiəçi ümumiyyətlə lazım deyildi. “Ucuz ətin şorbası olmaz” məsəlini əbəs yerə çəkmirlər ki. Az büdcəylə kələfin ucunu itirən Vaqif Sadıqovun “gəl, oyna” dediyi Axtam ortababın işinə yaramır.
NİHAT , “Futbol+”