Qara Qarayev: "Fransada bizə daha asan olacaq"

Qara Qarayev: "Fransada bizə daha asan olacaq"

"Qarabağ"ın müdafiəçisi Qara Qarayevin Fanat.az-a müsahibəsi

- "Sent-Etyen"lə oyundan dərhal sonra emosiyalara qapılmışdınızsa, indi soyuq başla qiymət vermək olar. Necə düşünürsən, fransızların bəxti gətirdi, yoxsa "Qarabağ"ın ustalıq səviyyəsi çatışmadı?

- Hesab edirəm ki, "Sent-Etyen"in bəxti gətirdi. Çünki bizim ustalıq səviyyəmiz aşağı olsaydı, bu qədər qol epizodu yarada bilməzdik. Sadəcə, son nöqtəni qoymaq şansı əldə etdikdə bəxt bizdən üz döndərirdi.

- Yəqin razılaşarsan ki, azarkeşlərin yaratdığı atmosfer "Qarabağ"a əlavə güc verirdi. Səfərdə isə fanatlarımız yanınızda olmayacaq...

- Elədi, həqiqətən tribunalara toplaşmış azarkeşlər inanılmaz ab-hava yaratmışdılar. Onlar bizə ruh yüksəkliyi gətirir, irəli səsləyirdilər. Fransada rəqib belə bir üstünlüyə malik olacaq. Ancaq düşünmürəm ki, bu, bizə mənfi təsir etsin. Axı "Ayntraxt", "Borussiya" kimi klubların azarkeşləri önündə çıxış etmişik. Bu sarıdan kifayət qədər təcrübəyə malikik.

- Fransada bu komandanı məğlub etmək mümkündü?

- Bu suala birmənalı şəkildə cavab vermək olmur. Ancaq onu deyə bilərəm ki, səfərdə bizə daha asan olacaq. Çünki bu qədər qapalı oynayan rəqibə qarşı çoxsaylı qol epizodları yaratmağı bacardıqsa, Fransada onlar daha açıq futbol oynayacaq və deməli, hücum xəttimizin işi yüngülləşəcək.

- "Dnepr"lə "İnter"in oyununu izləmək imkanın oldu?

- "Sent-Etyen"lə oyundan dərhal sonra otelə yollandıq və orada həmin qarşılaşanın 2-ci hissəsini izlədik. Olduqca səviyyəli rəqiblərdi. "İnter"in əlavə təqdimata ehtiyacı yoxdu. O ki qaldı ukraynalılara, səhv etmirəmsə 70-80 milyonluq büdcəyə sahib klubdu.

- Buna baxmayaraq, fransızlarla oyundan sonra həm mütəxəssislər, həm də azarkeşlər "Qarabağ"ın qrupdan çıxmaq şansları barədə danışmağa başladı...

- Əlbəttə, bu amil bizi sevindirir. Ancaq bir qədər real yanaşmaq lazımdı. "İnter" və "Dnepr" kifayət qədər ciddi komandalardı və onlar qrupun favoritidirlər. Lakin biz sonadək mübarizəmizi davam etdirəcəyik. "Qarabağ" qələbələri sıralasa, mütləq qrup səddini də aşacaq. Deməli, var gücümüzlə mübarizə aparıb, bizə ümid bəsləyən hər bir kəsi sevindirməyə çalışmalıyıq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər