Qanlı tarixdən 22 il ötdü

Qanlı tarixdən 22 il ötdü
Bu gün Xocalı soyqırımının növbəti il dönümüdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciədən 22 il ötür. Fanat.az-ın kollektivi faciə qurbanlarına Allahdan rəhmət, xalqımıza səbr diləyir.
Qeyd edək ki, Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdı. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridi. Soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (ing. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
- 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.
- 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. 
- 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanınıb.
- 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.
- 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2014-cü ildə Honduras Xocalı soyqırımını tanıyıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər