İspaniyanın 3-cü liqa matçında ilginc hadisə baş verib. Fanat.az xəbər verir ki, "Rasinq" - "Kompostela" matçında tribunalarda hakim axtarılıb.
Belə ki, matçı idarə edən Hüqo Joze Lopez Puerta 66-cı dəqiqədə sağ ayağından zədələnərək meydanı tərk etməli olub. Hər iki komandanın həkimlərinin səylərinə rəğmən, referini meydana qaytarmaq mümkün olmayıb.
Nəticədə iki klub razılaşaraq stadionda elan verib. Belə ki, mikrafonla azarkeşlərə müraciət edən təşkilatçılar "aranızda hakim varsa, VİP-lojaya yaxınlaşsın" anonsu verib. 5 dəqiqə sonra Kantabria bölgəsindən olan 3-cü liqa hakimi Xuan Joze Leyva Zubillaqanın azarkeşlər arasında olduğu müəyyənləşib. Belədə yan xətt hakimi Mario Lopes Fernandes Montes qalan dəqiqələrdə matçı idarə edib, Zubillaqa isə onun yerini tutub.
Qeyd edək ki, İspaniyanın 3-cü liqa oyunlarına dördüncü hakim təyin olunmur.
Onu da əlavə edək ki, 12 dəqiqə əlavə vaxtın oynanıldığı matç 1:1 hesabı ilə başa çatıb.
Fanat.az