Uğursuz mövsüm keçirən "Xəzər Lənkəran" yayda bəzi futbolçuları ilə yolları ayıracaq. Fanat.az xəbər verir ki, artıq Lənkəran klubunu tərk edəcək iki futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.
Məlumata görə, Mustafa Dənizli Nikola Qliqorov və Junior Nildonun xidmətində maraqlı deyil. Hər iki futbolçu komandaya Con Toşakın vaxtında gəlib. AZAL-dan böyük ümidlərlə transfer olunan Nildo "Xəzər Lənkəran"da özünü istənilən səviyyədə göstərə bilmədi. 31 oyunda ağ-yaşıl formanı geyinib 2005 dəqiqə oynayan futbolçu 8 qola imza atıb. Əvəzində isə hər oyunda çox sayda qol imkanlarını boşa verərək, komandanın uğursuz çıxışında pay sahiblərindən biri olub.
Makedoniya yığmasında Toşakın rəhbərliyi altında oynamış Qliqorova isə Dənizli etimad göstərmir. Təsadüfü deyil ki, türk mütəxəssis komandanı meydana çıxardığı 16 Premyer Liqa və 3 kubok matçından cəmi 6-da ona şans verib və 337 dəqiqə oynadıb.
Fanat.az