Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə qarşılaşan "Real" rəqibini sözün əsl mənasında darmadağın etdi. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Kral Klubu" cavab qarşılaşmasında, özü də rəqib meydanında turnirin son qalibinə 4 cavabsız qol vurdu. Münhendəki matçdan maraqlı məqamları və açıqlamaları təqdim edirik.
"Real"ın 12 illik həsrəti bitdi
Çempionlar Liqasında ardıcıl 4 dəfə yarımfinal oynayan "Real" "Allians Arena"da darmadağınla finala çıxdı. İspaniya klubu bununla ilk dəfə "Bavariya"nı səfərdə məğlub etmiş oldu. Bundan əvvəlki 9 matçdan 8-də almanlar qalib tərəf olmuşdu.
2011/12 mövsümündə yarımfinaldakı qarşılaşmada penalti seriyasında uduzan "Real" "Bavariya"dan qisasını alaraq, çempion olduğu 2001/02 mövsümündən sonra ilk dəfə finala çıxdı. 9 dəfə Çempionlar Liqasının qalibi olaraq kuboku muzeyinə ən çox aparan klub - "Los Qalaktikos" 13-cü dəfə finala vəsiqə qazandı. "Real"dan sonra finala ən çox "Milan" bunu bacarıb - 11 dəfə. "Bavariya" isə 10 dəfə eyni sevinci yaşayıb.
İki oyunun nəticəsinə görə ispanlara 0:5 hesabı ilə yenilən "Bavariya"nın ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan klub olmaq xəyalı suya düşdü. Avropa arenasındakı 400-cü matçını pis xatirələrlə xatırlayacaq Münhen klubu son 5 mövsümdə 3 dəfə Çempionlar Liqasında final oynamışdı. Tarixi ərzində 16-cı dəfə bir nömrəli kubokda yarımfinal oynayan "Bavariya" 6-cı dəfə finalın biraddımlığında dayandı.
"Real"ın yeni rekordu
"Bavariya"nı sözün əsl mənasında meydandan silən "Real" daha bir rekorda imza atdı. 4:0 hesabı ilə qalib gələn "Kral Klubu" cari mövsümdə Çempionlar Liqasında vurduğu qolların sayını 37-yə çatdırdı. Bununla da Madrid təmsilçisi 2011/12 mövsümündə özünün və "Barselona"nın imza atdığı rekordu qırmış oldu. Həmin vaxt hər iki klub 35 qol vuraraq Çempionlar Liqasının mövcud formatında bir mövsümdə ən çox qol vuran klub adını qazanmışdı.
Avropanın bir nömrəli klub turnirində mütləq rekord hələ ki, "Barselona"ya məxsusdu. Kataloniya klubu 1999/2000 mövsümündə 45 qola imza atıb. Amma həmin vaxt turnir iki qrup mərhələsindən ibarət idi və "Barselona" bu göstəriciyə 16 oyunda imza atmışdı. "Real" isə 37 qolu 12 oyunda vurub. "Kral Klubu" finalda göstəricini daha da yaxşılaşdırmaq imkanına sahibdi.
Qisas qiyamətə qalmadı
"Real" bu qələbə sayəsində "Bavariya"dan qisasını almış oldu. Belə ki, "Kral Klubu" sonuncu dəfə 2011/12 mövsümündə Çempionlar Liqasının yarımfinalında qarşılaşmışdı.
Almaniyadakı oyunda "Bavariya", İspaniyadakı matçda "Real" 2:1 hesablı qələbə qazanmışdı. Madriddəki qarşılaşmanın əlavə vaxtında da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşmişdi. Bu zaman "Real"dan Kriştiano Ronaldo, Kaka və Serxio Ramosun zərbələri dəqiq olmadığından "Bavariya" 3:1 hesablı qələbə qazanaraq (ümümi hesabı 6:4) finala çıxmışdı.
"Bavariya"nın kabusu Ançelotti...
"Real"ın baş məşqçisi Karlo Ançelotti "Bavariya"nın kabusuna çevirilib. 2007-ci ildən sonra ilk dəfə Münhen klubuna rəqib olan italyan mütəxəssis ondan əvvəl bu komanda ilə 7 dəfə Çempionlar Liqasında qarşılaşıb. Onun rəhbərlik etdiyi "Milan" bu qarşılaşmalarda 5 qələbə qazanmış və 2 heç-heçə etmişdi.
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola 17-ci dəfə "Real"la üz-üzə gəlib. Bu oyunlarda o, 4 dəfə məğlub olub. Qvardiola "Barselona"nın baş məşqçisi kimi "Real"a sadəcə 2 oyunda yenilmişdi.
Almanların qənimi "Real"...
"Real" bu mövsüm alman klublarının qəniminə çevirilib. Qruplardan sonra baş tutan 3 mərhələnin hamısında ispanlar Almaniya təmsilçilərinə qalib gəlib. 1/8 finalda "Şalke 04"ə rəqib olan "Real" iki oyunun nəticəsinə görə 9:2 hesablı qələbə qazanıb (6:1, 3:1). Ardınca Dortmund "Borussiya"sı madridlilərin qarşısına çıxıb. Ümumi hesabda 3:2-yə sevinən (3:0, 0:2) "Real" ötən il yarımfinaldakı yenilginin qisasını almış olub. Yarımfinaldakı qurban isə "Bavariya" olub (1:0, 4:0).
Bu oyunlarda almanlara 17 qol vuran "Real" 4 dəfə məyus olub. 17 qoldan 7-sinə Kriştiano Ronaldo imza atıb. Kərim Benzema və Qaret Beyl almanlarla oyunlarda 3, Serxio Ramos 2, Alvaro Morata və İsko hərəyə bir dəfə fərqlənib.
"Real" bu mövsüm Çempionlar Liqasının ən uğurlu komandası hesab olunur. Keçirdiyi 12 oyunda 10 qələbə qazanan "Kral Klubu" 1 heç-heçə edib və 1 oyunda məğlub olub. Bu oyunlarda 37 qol vuran "Real" 9 dəfə məyus olub.
"Bavariya" isə 12 oyundan 7-də qələbəyə sevinib, 2 oyunda heç-heçəyə razılaşıb və 3 dəfə məğlub olub. Almanların 24 qoluna rəqibləri 13 dəfə cavab verib.
Xabi Alonso final görməyəcək
Finala çıxan "Real" ciddi itki ilə üzləşib. Belə ki, Xabi Alonso həlledici matçda oynamayacaq. Buna səbəb 32 yaşlı futbolçunun cəzalı duruma düşməsidi. 4:0 hesabı ilə başa çatan matçın 38-ci dəqiqəsində sarı vərəqə alan Xabi limiti doldurub və bu səbəbdən də mayın 24-də Lissabondakı "Estadio Luz" stadionunda keçiriləcək finalı kənardan izləməli olacaq.
Ronaldo Messinin rekordunu qırdı
Kriştiano Ronaldo daha bir rekord qırdı. Portuqaliyalı ulduz Çempionlar Liqasının tarixində ən yaxşı bombardir oldu. Belə ki, Ronaldo "Bavariya" ilə oyunda cari mövsümdə turnirdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bu isə Çempionlar Liqası tarixinin rekordudu. Bundan əvvəl rekord Lionel Messiyə məxsus idi. O, 2011/12 mövsümündə 14 dəfə fərqlənərək ən məhsuldar bombardir olmuşdu. Ronaldo "Borussiya" ilə ilk oyunda 14-cü qolunu vuraraq Messiyə şərik olmuşdu. "Bavariya" ilə cavab matçın 34-cü dəqiqəsində o, argentinalı rəqibini geridə qoyub. 90-cı dəqiqədə isə portuqaliyalı öz rekordunu yaxşılaşdırıb.
Qeyd edək ki, turnir Çempionlar Liqası adlanmazdan əvvəl - Çempionlar Kuboku adlananda da ən yaxşı bombardir 14 dəfə fərqlənə bilmişdi. Belə ki, "Milan"ın unuduzmaz futbolçularından Joze Altafini 1962/63 mövsümündə rəqib qapıçıları 14 dəfə meydanın mərkəzinə dəvət etmişdi.
Ronaldo Çempionlar Liqasında indiyədək 102 oyun keçirib və 66 qol vurub. O, qol sayına görə Raul (71) və Messidən (67) geri qalır. Portuqaliyalı ulduz finalda 1 qol vursa, "Barselona"lı həmkarına çatacaq.
"Çempionlar Liqası mənə borcludu"
Karlo Ançelotti ("Real"ın baş məşqçisi): "Səhvsiz oynadıq. İlk yarıda möhtəşəm performans ortaya qoyduq. Futbolçularım bunu bacardıqlarını göstərdilər. Komanda oyunu sərgiləyəndə səhvsiz oynayırıq. Həmçinin Beyllə Ronaldo eyni anda oynaya bildiklərini sübut etdilər. "Allians Arena"da qalib gəlmək mənim üçün yenilik deyil. Burda bundan əvvəl də qalib gəlmişdim. Bütün futbolçulara və bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm. "Real" düz 12 il sonra Çempionlar Liqasında final oynayacaq. Bu klubumuz üçün böyük uğurdu. Finala çıxmaq bizim ilk hədəfimiz idi. Bunu bacarmaq asan iş deyil. Xabi Alonso finalda oynaya bilməyəcək. Buna görə məyus oldum. O özü də üzülür. Amma "Real" Xabi üçün bu finalı qazanmağa məcburdu. Sarı vərəqəni isə haqlı hesab etmirəm".
Pep Qvardiola ("Bavariya"nın baş məşqçisi): "Karyeram ərzində çox pis məğlubiyyətlər aldım. Bu onlardan biri idi. Çox pis oynadıq. Məğlubiyyətin yeganə səbəbi budu".
Kriştiano Ronaldo ("Real"ın ulduzu): "İlk yarıda 3 qol vurmağımız fövqəladə bir uğurdu. Çətin olacağını bilirdik, amma ilk yarıda matçı bitirməyi bacardıq. Bundan əvvəl ardıcıl 3 mövsümdə yarımfinalda uduzmuşduq. Bu dəfə finalı sonuna qədər haqq edirdik. Rekord qırmaq üçün qol vurmaq istəyirdim və komanda yoldaşlarım mənə yardım etdi. Beyldən super ötürmə aldım. Çempionlar Liqasında belə bir rekord qırdığım üçün xoşbəxtəm. Amma indi istədiyim yeganə şey kuboku qazanmaqdı. Final vətəimdə olacaq və mən Çempionlar Liqasını qazanmaq istəyirəm".
Serxio Ramos ("Real"ın futbolçusu): "İlk dəfə final həyacanı yaşayacam. Vurduğum qolları atama və dostlarıma həsr edirəm. Münhenə gələnlərə və bizə dəstək olanlara təşəkkür edirəm. "Bavariya"ya penalti seriyasında uduzandan və Oliver Kanla aramızda yaşananlardan sonra Çempionlar Liqasının mənə borcu var idi".
Qaret Beyl ("Real"ın futbolçusu): "Fantastik bir hesabla qazandıq. Çox çalışırdıq. Doğru taktika ilə meydana çıxdıq və qazandıq. Məncə, bu gecə qələbəyə biz layiq idik. Çünki çox yaxşı oynadıq. "Bavariya" tam istədiyimiz kimi oynadı və əks-hücumlar qura bilməyimiz üçün boşluqlar buraxdı. Sürətli komandayıq və bu kimi səhvləri bağışlamırıq. Finalda olduğumuz üçün xoşbəxtik. Hədəfimizə çatmağa bir addım qaldı. "Real"a bu səbəbdən - böyük uğurlar qazanmaq üçün gəlmişəm. Kuboklar qazanmaq, böyük matçları qazanan tərəfdə olmaq istəyirəm".
Luka Modriç ("Real"ın futbolçusu): "Xabi Alonso finalı görməyi haqq edirdi. Bu hamıdan çox onun haqqı idi. Finalda oynamaması çox pisdi. "Bavariya"ya gəlincə, onlardan daha güclü olduğumuzu göstərdik. Fantastik bir nəticəyə imza atdıq. Finaldakı rəqibimizin "Atletiko" və ya "Çelsi" olmasının fərqi yoxdu. Qarşımıza kim çıxır-çıxsın, gözəl oyun olacaq".
İker Kasilyas ("Real"ın qapıçısı): "İndi qələbəni qeyd etməyin zamanıdı. Amma yarışın davam etdiyi La Liqa var. Əyləndikdən sonra çempionata köklənməliyik".
Xabi Alonso ("Real"ın futbolçusu): "Finalda oynamamaq çox pis hissdi. Amma ümid edirəm ki, komanda yoldaşlarım qazanacaq və mən bu üzüntünü unudacam. Aldığım vərəqə yalnış idi. Daha önəmlisi isə bu qayda ədalətli deyil. Finala gedən yol uzun və qarışıqdı. Məncə, bu qayda qalxmalıdı".
Fanat.az