“Moskovski yumurtalar” -MƏNGƏNƏ RUBRİKASI

“Moskovski yumurtalar” -MƏNGƏNƏ RUBRİKASI

Millinin Rusiya yığmasından Moskvada 4 cavabsız qol buraxmasında təəccübləndirici nəsə yoxdu. Oyundan əvvəl millinin nəyə qadir olduğunu az-çox bilən azarkeş Berti Foqtsun komandasının uduzacağını deyərdi.  Amma AVRO-2016-nın final mərhələsinə qatılmaq şansından danışan alman çalışdırıcının yetirmələrinin belə bərbad futbolla yadda qalması xoşagəlməz sürpriz oldu.

Matçdan öncə “qələbə qazanmağa gəlmişik” söyləməyə özündə cəsarət tapan Vaqif Cavadov başda olmaqla, çulunu sudan çıxarmağı bacaran 5-6 əsas heyət üzvünü ilk dəqiqələrdən meydana buraxmayan mütəxəssis hamıyla məzələndi. Həm ruslarla, həm azərbaycanlılarla, həm də futbolla…

Ruslarla ona görə ki, hazırlıq matçında kimin nəyə qadir olduğunu görməyi hədəfləyən şimal qonşularımızın qarşısına rəqib yox, nə etmək istədiyi bilinməyən oğlanlar çıxdı. Azərbaycanlıların nələr çəkdiyi məlum məsələdisə, o gecə özünü bizimkilərin ifasında tapmayan futbolun öz varlığından utandığını iddia etməyə haqqımız var.

Bəziləri Berti müəllimin AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda gələn həftə üz-üzə gələcəyimiz Bolqarıstan yığmasının məşqçilər korpusunun fikrini azdırmaq üçün yetirmələrini azdırıcı oyuna səslədiyini, bu yolla “kartlar”ı rəqibdən gizlədiyini düşünür. Amma bu təxmin ciddi səbəb ola bilməz.  Müqavimət göstərməyə gücü və səviyyəsi çatmayan milli üzvlərinin çıxışı ondan fədakarlıq umanların beynini qarışdırıb.

Buraxılan 4 qolun sayıyla isə təsəlli tapmaq qeyri-mümkündü. Hara fırlasan da, içindən gələn bir səs “biabır olasız” hayqıracaq. Görəsən Foqts indi nə fikirləşir? Tavaya yumurta vururmuş kimi, qolları qapımıza çırpan rusların şousunun videoyazısını heç olmasa,  izləyirmi? Başçısı ölmüş durna qatarını xatırladan müdafiə xəttindəki uşaq səhvlərinin qarşısını almağı planlaşdırırmı? Bəlkə də, bəlkə də yox…

 Amma AVRO-2016-ya vəsiqənin Moskvadan “aldığı 4 yumurtadan” birinin içindən çıxacağını hiss edir. Kişi boş yerə Fransada baş tutacaq qitə birinciliyinə qatılmaqdan dəm vurmayıb ki… Sehrli yumurtanı açsın, siz də baxın !  

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər