Məşqçilər Foqtsu kimin sifarişi ilə tənqid edirlər?

Məşqçilər Foqtsu kimin sifarişi ilə tənqid edirlər?

Azərbaycan millisi Rusiya ilə yoxlama görüşündə görüşündə 4:0 hesabı ilə məğlub olduqdan sonra, yerli məşqçilər Berti Foqts haqda tənqidi fikirlər səsləndirməyə başlayıblar. Halbuki indiyədək Azərbaycan mətbuatı alman mütəxəssis haqda yazı hazırlayarkən, onun haqda danışmağa yerli məşqçi tapa bilmirdi. Maraqlıdır, bəs birdən-birə nə oldu ki, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Yunis Hüseyinov və digər məşqçilər mətbuatda çox rahatlıqla bu haqda danışır? Fanat.az bu sualla idman yazarlarına müraciət edib.

Mahir Rüstəmli, "Futbol+" qəzetinin baş redaktoru: "Çünki artıq indi konkret hədəf var. Həmin konkret hədəfi AFFA rəhbərliyi, Berti Foqts və yığmanın ayrı-ayrı oyunçuları açıqlayıb. Sentyabrın 9-da bizim üçün start götürəcək seçmə mərhələnin oyunlarında 3-cü yeri tutmasa, Bert Foqts istefaya gedəcək. Buna görə də hamı aydın danışa bilir. Çünki sərhədlər bəllidir. Hətta Berti Foqtsun özü də açıqlayıb ki, 3-cü yer bizim qarşımızda hədəf kimi qoyulub. Yeri gəlmişkən, o, özündən sonrakı xələfinin adını də açıqlayıb, bu posta Qurban Qurbanovun əsas namizəd olduğunu deyib. Buna görə, yığma ətrafında bir qədər aydın mənzərə yaranıb. Nəticədə, yerli məşqçilər də fikirlərini ifadə etməkdə çətinlik çəkmir".

Natiq Muxtarlının (“Publika.az”-ın idman yazarı) fikrincə, Azərbaycan məşqçilərinin öz düşüncələri yoxdur: “Olanlar da öz düşündüklərini dilə gətirə bilmir. Gətirdikləri bir arqument də var ki, bəs kiminsə çörəyinə bais olmaq istəmirəm. Bizim məşqçilər suyu həmişə üfürə-üfürə içiblər. Amma indi milli komanda haqqında, hətta Elxan Məmmədovdan çəkinməyərək Berti Foqts haqda tənqidi fikirlər deyirlərsə, demək bunlar sifariş alıblar. Ola bilər ki, Bolqarıstanla oyunda Azərbaycan millisi uduzsun. Bundan sonra Berti Foqtsun millidən getməsi reallaşsın. Bunun üçün də yəqin kimlərsə indidən ictimai rəy hazırlayırlar. İctimai rəy formalaşdıran insanlar da AFFA-da oturublar.

 

Vaxt var idi Vaqif Sadıqov “Neftçi”ni dağıdan Gedenin futbol fəlsəfəsindən yeni-yeni ekspirimentləri tapan məşqçi idi. Amma indi onun Berti Foqts haqda tənqidi fikir söyləməsi mənə çox təəccüblü gəlir. Yəqin Sadıqov kiminsə sifarişi ilə Foqts haqda fikirlər söyləyir. Onun özünün cəsarəti çatmaz bu cür sözlər işlətməyə. Çox güman ki, məşqçiləri danışdıran da, ya Elxan Məmmədovdu, ya da Ramin Musayev. Hər halda yaxın zamanlarda biləcəyik, bu oyunların arxasında kimlər dayanır”. 

Sport7.az baş redaktoru Elçin Aydının sözlərinə görə, Azərbaycan futboluna “nəzarət” edən şəxslər artıq Berti Foqtsu yola salmalı olduqlarını başa düşüblər: “Buna görə da başlayıblar belə kampaniya keçirməyə. İndiyə qədər Azərbaycan millisinin daha biabırçı hesabla uduzduğu dönəmlər olub. Yerli məşqçilərdən o zaman heç kim bu haqda danışmırdı. İndi bunlara deyiblər danışın, onlar da danışmağa başlayıblar. Yəqin ki, yaxın zamanlarda bu kampaniya daha da genişlənəcək. Hətta televiziyalarda da bunu müzakirə edəcəklər. Və sonda da Berti müəllimi öz ölkəsinə göndərəcəklər”.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər