Məşhur oyun alverçisidən maraqlı etiraflar

Məşhur oyun alverçisidən maraqlı etiraflar
Çox sayda oyun alqı-satqısında ittiham olunan Vilson Raj Perumal CNN-ə müsahibə verib. Fanat.az xəbər verir ki, 2011-ci ildə Finlandiyada tutulan və hazırda Macarıstanda həbsxanada saxlanılan sinqapurlu oyun alverçisi maraqlı açıqlamalar verib.
Perumal tam olaraq neçə matçın nəticəsinə təsir etdiyini bilmir: "Təxminən 80-100 matç olmaldı. Bəzən ehtiyat oyunçular samyasında oturaraq futbolçulara və məşqçilərə nə etməli olduqlarını başa salırdım. Hər şey bu qədər asan idi".
İndiyədək oyun alqı-satqısından 5 milyon dollar qazanan sinqapurlu məhbus bütün pulları qumarda uduzub: "Uşaqlıqda arzularım var idi, hərbiçi olmaq istəyirdim. Amma məktəb illərində çox cinayətə qarışdım və bu üzdən arzularımı həyata keçirə bilmədim. 19-20 yaşlarımda isə futbol oyunlarına pul qoymağa başladım. Uduzmaq istəmirdim və buna görə də oyun alverinə girişdim". 
İlk oyun alverini 80-ci illərin sonunda edən Perumal internetin geniş yayılmağa başlamasından sonra dünya səviyyəsində alverçiyə çevirilib: "Dünyadakı bütün oyunları izləyə bilirdik. Kasıb, gücsüz ölkələri hədəfə almışdım. Çünki onlar rüşvət almağı asanlıqla qəbul edirdi. Mən də bir şirkət qurdum və klubları maliyyələşdirməyə, onlarla münasibət qurmağa başladım".
Beynəlxalq səviyyədə ilk alverini 1997-ci ildə edən Perumal Zimbabve - Bosniya və Hersoqovina matçının nəticəsini müəyyənləşdirib. Zimbabvedən 6 oyunçu ilə anlaşan sinqapurlu onlara 0:4 hesabı ilə yenilmələrini tapşırıb. Lakin oyun 2:2 hesabı ilə başa çatıb: "Oyunçulara reallaşması çətin olan bir nəticə tapşırmışdıq. Bir futbolçu yanlışlıqla qol vurdu".
Perumal indiyədək olimpiya oyunları, qadınlar arasında dünya çempionatı, "CONCACAF Gold Cup", Afrika Millətlər Kuboku və başqa yarışlarda oyun alveri edib. İlk dəfə 1995-ci ildə həbs olunan Vilson Raj 12 ay məhbəsdə qalıb. 1999-cu ildə tutularkən 26 ay cəza çəkib. O, 2000-ci ildə futbolçuya xokkey ağacı ilə hücum etdiyinə görə saxlanılıb.
Dünyada "Asiagate" adı ilə tanınan oyun alqı-satqısı ilə bağlı qalmaqala adı qarışanlardan biri də Perumal olub. Bu işi araşdıran FIFA təmsilçisi Terri Steans maraqlı açıqlama verib: "İttihamnaməni oxuyanda şoka düşdüm. "Yox, ola bilməz. Hər şey bu qədər asan olmamalıdı" dedim. 5 il sonra isə hər şeyin əslində nə qədər asan olduğunu daha yaxşı anladım. Bu ittihamnamə bizim gözümüzü açdı. Perumalın telefona baxanda tam 58 ölkə ilə əlaqədə olduğunu gördüm. Kompyuterini də nəzərə alsaq 50-yə çatır. FIFA-nın 209 üzvü var. Bu isə onun dünyanın 1/4-i ilə əlaqədə olduğunu göstərir".
Hazırda həbsdə olan oyun alverçisi əməllərinə görə peşman deyil: "Etdiklərim həyatımın bir hissəsi idi və bundan zövq alırdım. Dünyanı dolaşdım, yaxşı zaman keçirdim. Futbol artıq idman deyil, daha çox işdi. Biz də bu işdən pul qazanırıq". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər