Yelena və Oksana Parxomenko bacıları milli karyerasını başa vurub. Fanat.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bacılar AVRO-2014-ün final mərhələsindən sonra Azərbaycan millisində çıxışlarını dayandırmaqla bağlı qərar qəbul ediblər. Yığmamız növbəti ciddi sınağına - AVRO-2015-in pley-off mərhələsinə onlarsız qatılacaq.
Qeyd edək ki, 30 yaşlı Oksana 1998-ci ildə milli komandada debüt edib və 2006-cı ildən kapitan sarğısını daşıyır. İndiyədək Azərbaycan, Türkiyə, İsveçrə və Rusiya klublarında oynamış toppaylayıcı 2002-ci ildə “Azərreyl”lə “Top-komandalar” kubokunu qazanıb. 32 yaşlı Yelena isə 2003-cü ildən millimizin şərəfini qoruyur. 1999-cu ildən klub karyerasına start verən blokçu 2002-də “Azərreyl”lə “Top-komandalar” kubokuna, 10 il sonra “Lokomotiv”lə “Çelenc Cup”a sahib olub.
Qeyd edək ki, Oksana hazırda "Azəryol"da, Yelena “İqtisadçı"da çıxış edir. Onlar klub karyeralarını davam etdirəcək.
Fanat.az