“Təlim-məşq toplanışının bizə faydalı olacağını düşünürəm. Türkiyədə olduğumuz müddətdə həm məşqlərdə səylə çalışdıq, həm də yoxlama oyunlarında özümüzü sınamaq imkanımız oldu”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc deyib.
Surinam əsilli holland “Xəzər Lənkəran”la oyun haqda danışıb: “Bizim üçün bütün oyunlar vacibdi. Hazırda turnir cədvəlinin ilk pilləsindəyik və mövqeyimiz qorumaq üçün qarşıdakı matçların hamısına qələbə istəyi ilə çıxmalıyıq. “Xəzər Lənkəran”la oyun qış fasiləsindən sonra ilk görüş olduğundan böyük əhəmiyyət daşıyır. Rəqibə hörmətlə yanaşırıq. Onların yaxşı hazırlaşdığını da bilirik. Hədəfimiz isə qələbə olacaq”.
Leroy çempion olmaq istədiyini dilə gətirib: “Heç vaxt çempionluq sevinci yaşamamışam. Ümid edirəm ki, alın yazımda “Qarabağ”la qızıl medallara sahib çıxmaq var. Bunu bütün komanda yoldaşlarım kimi, ürəkdən arzulayıram. Premyer Liqanın qalan oyunlarına şəxsi motivasiyam olduqca yüksəkdi. Uşaqların da hər oyunda meydanda can qoyacağına əminəm. Şansımızdan maksimum faydalanmalıyıq”.
Fanat.az