"Bu oyunun şərhə ehtiyacı yoxdu. Biz lazım olan 3 xalı qazandıq. Sağa və sola baxmırıq. İrəli getməliyik. Mən sizə bir söz deyim. Lənkərandakı məlum hadisələr bizə çox təsir göstərdi. Bu oyunda daha çox qol vura bilərdik. Amma şanslardan istifadə edə bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi"nin çalışdırıcısı "Xəzər Lənkəran"ın qol vəziyyəti yarada bilmədiyini bildirib: "Mən 90 dəqiqə ərzində “Xəzər Lənkəran” 100 faizlik epizodunu görmədim. 10 gün əvvəl demişəm ki, "Böyük oyun" söhbətini yığışdırın. Bu "Böyük oyun"dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, Lənkərandakı Kərbəla müsübəti yenə başımıza gələcək".
Hacıyev Ernest Nfora qarşı kobudluq olsa da, hakimin susduğunu bildirib: "Nfor ikinci dəfə fərqlənməyə çox yaxın oldu. Amma onu yıxdılar, konkret olaraq, götürdülər. Lakin hakimin fiti susdu. Biz buna artıq alışmışıq. Penaltimiz verilmədi. Əvvəllər deyirdilər ki, hakimlər "Neftçi"ni "dartır", amma bu gün "Neftçi"ni sıxırlar. Hakimlər bütün təcrübələrini "Neftçi"nin üstündə yoxlayırlar".
"Kubokda iddialıyıq. Əsas diqqətimizi kuboka yönəldəyəcik. Fikir verin, yarımfinal komandaları arasında bir dənə yetim-yüsür kimi yerli məşqçi Böyükağa Hacıyevdi".
Bir müddət əvvəl "Mən Bakıda Mustafanın komandasına 5 qol vurmasam, istefa verib gedəcəm" deyə Hacıyev 1:0 hesabı ilə yekunlaşan oyundan sonra istefa verməyib: "Əgər demişəmsə, "Xəzər Lənkəran"a 5 qol vuracam, deməmiş olum. Futbola gözəllik verən azarkeşlərdi, bilmirəm ki, onları niyə buraxmırlar meydançaya".
"Bakı"nın baş məşqçisi Milinko Pantiç "Simurq"la oyundan sonra "Neftçi"yə ilişərək "Neftçi" ilə görüşdə 2 əsas futbolçumuz olmayacaq. Rauf da oynamayacaq. Etto sarı vərəqə limitini doldurdu. Gördüyünüz kimi, "Bakı"nı "Neftçi"yə qarşı "hazırladılar" deyib. "Neftçi"nin baş məşqçisi onun cavabını verməyi unutmayıb: "O Pantiçə deyən lazımdı ki, mən "Bakı" ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım".
Hacıyev Cavid İmamverdiyevlə bağlı da danışıb: "Cavid şans verəcəm ki, özünü göstərsin. Ya o bezib futboldan gedəcək, ya da futbol oynayacaq".
Fanat.az