Flavinyo və Reynaldo üçün yubiley

Flavinyo və Reynaldo üçün yubiley

Topaz Premyer Liqasının 5-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. 

AZAL-la qarşılaşmada 3:0 hesablı qələbəyə 1 qolla töfhə verən Reynaldo isə bu göstəricidə 25-ə çatıb. 

Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən çox fərqlənən legionerlərin siyahısında irəliləyib. Flavinyo uruqvaylı Valter Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə 20-ci yerə şərikdir. “Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında 3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır. “Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis Ramimdən (27) sonra 6-cıdır. 

Hər iki braziliyalı bütün qollarını  öz klubunun heyətində vurub. Onlar bu komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo bu siyahıda 8-ci, Flavinyo 9-cudur. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər