"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin Fanat.az-a müsahibəsi
- “Qarabağ” rəhbərliyində kadr dəyişiklikləri ilə bağlı deyilənlər, Tahir Gözəlin postundan getməsi həqiqətdimi?
- Söylənilənlərin hardan qaynaqlandığını bilmirəm. Yayılan informasiya əsassızdı. Hər hansı kadr dəyişikliyindən söhbət gedə bilməz.
- “Azersun Holding”in sponsorluqdan imtina fikrinə düşməsi necə?
- Belə bir şey yoxdu. Şayələrə inanmayın. “Azersun Holding” “Qarabağ”ın sponsorudu və imtina məsələsi ümumiyyətlə müzakirə edilməyib.
- “Qarabağ”ın əsas rəqiblərinin ardıcıl xallar itirməsi və Qurban Qurbanovun komandasının bundan yararlanaraq zirvədə möhkəmlənməsi faktdı. İndiki durum “çempion bizik” demək üçün yetərli deyilmi?
- Xoşbəxtliyi başqalarının uğursuzluğu üzərində qurmağa çalışanlardan deyilik. Əlbəttə, çempionluğa oynayanların hər biri finişə digərlərindən öndə çatmaq istəyir. Əsas rəqiblərimiz büdrədiyinə görə 4 xal önə keçmişiksə, daha ehtiyatlı olmalıyıq. İndidən çempionluqdan danışmaq isə təvazökarlıqdan uzaq alınar. Əsas mübarizə irəlidədi.
- Yəni mövcud fərq ümidləndirmir?
- Ümid həmişə var. Yəni sona 15 tur qalmış 4 xal irəli çıxmaq hələ çempion olmaq deyil. Çox çətin matçlara çıxacağıq. Oyun sayı azaldıqca çempionat bir az da qızışacaq. Nisbətən münasib rəqiblərlə görüşlərdə itirdiyimiz xallar olmasaydı, bu gün daha böyük fərqlə ilk pillədə qərarlaşardıq. Ona görə də bütün görüşlərə tale yüklü matç kimi yanaşmalıyıq.
- Ümumiyyətlə, 10 komandalı, dörddövrəli çempionatın “altılıq” sistemindən daha uğurlu alındığını söyləyənlər çoxdu. Bəs siz necə düşünürsüz?
- “Qarabağ” heç vaxt ikinci “altılıq”da olmayıb. Ancaq ikinci “altılıq”da oynayanların müəyyən mənada həvəsdən düşdüyü hiss olunurdu. Hazırki format medallar uğrunda oynamayanların da sonadək döyüşməsi üçün əlverişlidi.
- Turlar keçdikcə klubların şikayəti də artır. Sizcə, hakimləri hədəfə almaq, ədalət təmsilçilərin davamlı narazılıqları dilə gətirmək nə dərəcədə doğrudu?
- Əsas odu ki, şəffaf mübarizəyə xələl gəlməsin. Hakimlərin təzyiq altında daha çox səhv etdiyinə əminəm. Xal itkilərinin səbəbini referilərdə, laysmanlarda axtarmaq düzgün deyil. Doğrudu, bəzən ciddi səhvlər oyunun nəticəsinə təsir edir. Amma davamlı təzyiqlər də yaxşı nəsə vəd etmir.
- “Qarabağ” çempion olsa, heyətə Reynaldo, Riçard Almeyda, Çumbinyo kimi əcnəbilərdən bir baş üstün olan yeni futbolçu qatılacaqmı?
- “Azersun Holding”in kluba sponsorluq etməsinin məqsədi Azərbaycan bayrağı altında “Qarabağ”ın adının yüksəklərə qalxmasına çalışmaqdı. Məşqçilər korpusunun istədiyi oyunçuları alacağıq. Hədəf çempionluq və ölkəni Çempionlar Liqasında layiqincə təmsil etməkdi. Bunu başqaları kimi biz də çox arzulayırıq. ÇL-də yox, Avroliqada oynamaq hüququ qazansaq, yenə transferlərlə bağlı problem olmayacaq.
Fanat.az