“Az oynadığıma görə taleyimdən narazı deyiləm. Etiraf edim ki, geridə qalan turlarda istədiyim oyunu sərgiləməmişəm. Yalnız irəli baxıram. Reallıqla hesablaşmaq lazımdı. Əsas komandanın uğurudu. Kimin nə qədər və nə zaman oynayacağına isə baş məşqçi qərar verir”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Ulrix Kapolonqo deyib.
Afrikalı hücumçu “Qarabağ”ı mübarizəyə hazır saymaqla yanaşı, arxayınlaşmağa əsas görmür: “Biz turnir cədvəlinin ilk pilləsindəyik və mövqeyimizi qorumaq üçün bacardığımızı edəcəyik. Çempion olmaq istəyirik, məqsədimiz məlumdu. Bu gün ən yaxın izləyicimizi 6 xal qabaqlasaq da, bu bizi arxayınlaşdırmamalıdı. Həm komanda şəklində, həm də ayrı-ayrılıqda üzərimizə düşən məsuliyyyət yükünün ağırlığını dərk edirik. Bütün rəqiblər bizə qarşı xüsusi istəklə mübarizə aparacaq. “Qarabağ” çətin mübarizəyə hazırdı”.
Ön xətt oyunçusu “Qarabağ”dakı ab-havaya da toxunub: “Komandamızda əla ab-hava hökm sürür. Düşdüyüm mihit ürəyimcədi. Ən çətin anlarda belə komanda yoldaşlarının dəstəyini hiss edirsənsə, çalışdırıcının hamıya eyni gözlə baxdığını bilirsənsə, deməli, hər şey qaydasındadı. Bütün futbolçulara yaxşı münasibətim var. Ən çox ünsiyyət qurduğum, məsləhətləşdiyim oyunçu isə Maksim Medvedevdi”.
Fanat.az