Elxan Məmmədovun şirinquşu- DÖVRİ MƏTBUATDAN

Elxan Məmmədovun şirinquşu- DÖVRİ MƏTBUATDAN

Uşaq olanda başımı şirinquşla aldadırdılar. Məndən yaşca böyüklər onlarla getməyimi istəməyəndə həyətimizdəki mağazadan bir şirinquş alardılar. Mən də o şirinquşla başımı qatar və onlardan ayrılardım. Beləcə məndən böyük məhlə uşaqları istədiyi kimi rahat gəzərdilər.

 

İndi AFFA-nın baş katibi Elxan Məmmədov da camaata şirinquş sırımağa çalışır. Ancaq alınmayacaq Məmmədov, alınmayacaq. Çünki bu şirinquş o vaxtkıların dadını vermir.

 

Cənab Məmmədov "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldonun milliləşdirmək üçün FIFA-ya müraciət edəcəklərini deyib. Bu addımı alqışlayıram. FIFA-ya müraciətin yox haaa, Reynaldonu milliləşdirməyi deyirəm... Necə ki, Özkara, Gökdəmir, Dadaşov, Sultanpur, Emin Nuri milliləşdiriləndə FIFA ilə məsləhətləşmisiniz, bu braziliyalını da o cür edin.

 

Elxan müəllim, deyirsiniz yığmada legionerin yox, ancaq etnik azərbaycanlıların oynaması barədə qərar qəbul etmisiniz. Buna heç nə demirəm. İnanıram ki, "Azərbaycanla heç bir əlaqəm yoxdu" deyən Emin Nuri yalan deyir. O, təmiz azərbaycanlıdı. Sizin səmimiyyətinizə zərrə qədər də olsun şübhə ilə yanaşıramsa...

 

İnanıram ki, nənəsinin azərbaycanlı olduğunu iddia edən Kiyan Sultanpur da özümüzünküdü. Nə olsun ki, ana dilimizdə danışa bilmir? Məgər Almaniyanın 453566 liqasındakı "jbhvhv" klubunda oynayan Rüfət Dadaşov danışır?

 

Mən yaxşı bilirəm ki, siz işinizin ustasısınız. Yəni, Reynaldonun ulu nənəsinin bacısı qızının nəvəsinin kürəkəninin qaynatasını tapıb, azərbaycanlı kimi xalqa sırımağa qadir birisiniz.

 

Ona da şübhəniz olmasın... Şübhə edirsiniz ki, birdən bu braziliyalı gedər başqa əcnəbi klubda oynayar və yığmaya gəlməz. Nəyinizə lazımdı axı? Heç gəlməsin, əziyyətiniz qarşılıqsız qalmaz. Elə fürsətdən istifadə edib indi millidə ruhuna salavat çəkilən Branimir Subaşiçə salamlarımı çatdırıram...

 

Görürsünüz, Məmmədov! Sizə dedim axı, bu şirinquş o şirinquşdan deyil...

Şıx Əli

aut.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər