"Qəbələ"nin futbolçusu Elnur Allahverdiyevin müsahibəsi
- “Qarabağ”a məğlubiyyətdən sonra sənin əsəblərinə hakim ola bilməyib, paltardəyişə otağında dava saldığın deyilir...
- Yox, vallah yox. Allaha and olsun ki, belə bir şey olmayıb. Kim deyirsə, yalan deyir. Gözünün içinə kimi...
- Amma aydındı ki, sənin legionerləri görməyə gözün yoxdu.
- Bilirsən necədi, qardaş?. Bunlar oynamaq istəmirlər. Bu komanda belə olmamalı idi. Komandanı bu vəziyyətə saldılar. Anamın canı üçün burada nəsə var.
- Nə?
- Görmürsünüz?
- Sən nəyə işarə vurursan?
- Futbolçuların oynadığı oyun göz qabağındadı. Çempionluğa oynayan və ya medallar uğrunda döyüşən komanda belə mübarizə aparar? Vallah ayıbdı.
- Əsas problem legionerdədi?
- Mən belə hallara dözə bilmirəm. Ürəyim partlayır. Hətta futbolu atıb, getmək istəyirəm. Bəzi oyunçular can qoymurlar. Sən kişisən, çıx kişi kimi mübarizə apar. Uduzanda da kişi kimi uduz. Əgər bu kişilikdisə, mən belə kişiliyi qəbul etmirəm. Sən pulunu alırsansa, onun qarşılığını verməlisən. Allah qarşısında təmiz olmaq lazımdı.
- “Qəbələ”də çox sayda yerli futbolçu da var. Bir növ sizin zəifliyinizdi ki, onların sözü keçir, istədikləri olur. Yığın söhbət edin, səhvlərini deyin...
- O qədər söhbət etmişik ki... “Hə”, “oldu” deyirlər, yenə çıxıb eyni şeyi edirlər. Qardaş, bunun adı üstündədi. Legionerdi. Həmin legionerlər heç yerdə görmədiklərini gəlib burada görüblər, görmədiyi pulları gəlib, burada görüblər. Deyirlər ki, nəyimizə lazım, uduzsaq da eyni pulu alacağıq. Onlar üçün pul önəmlidi, Allah haqqı pul önəmlidi. Amma bütün legionerlərə aid etmək olmaz. Misal üçün “Qarabağ”ın legionerləri. Çıxıb kişi kimi futbol oynayırlar. Dünya ulduzlarını götürün. Onların heç bir pula ehtiyacları yoxdu, amma çıxıb meydançada başlarını qoyurlar. Futbolçunun prinsipi olmalıdı. Bizimkilər isə pulu sevirlər. Pul vurğunu olanları heç cür tərbiyələndirmək olmur. Allah hər şeyi görür. Burada nəsə iş var.
- “Qəbələ”də qaldığın üçün təəssüflənirsən, deyəsən...
- Yox. “Qəbələ” mənə pis vaxtımda sahib çıxıb. Amma adım-sanım var, belə şeyləri qəbul edə bilmirəm. Siz deyin, mən tək nə edim? Özümdən başqa 3 nəfərin yerinə qaçaram, amma 10 nəfərin yerinə qaça bilmərəm. Yol göstərin, mən nə edim?
- Bəlkə də, Yuri Syomin kollektivi bir araya gətirə bilmir?
- Yox, inanmıram, belə bir şey olsun. Syomin nəticə qazanmaq istəyir. Onun adı, sanı var. Bu adam Yuri Syomindi e... Çox yaxşı yerlərdə işləyib, nəticələr qazanıb.
- Amma bəzən adına layiq olmayan açıqlamalar verir, məğlubiyyətə don geyindirir...
- Ola bilər. Lakin dünən “Qarabağ”ın ikinci qolu qaydalar çərçivəsində vurulmadı. Top tam dayanmamışdı ki, “Qarabağ” topu oyuna daxil etdi. Nədi o ortada oynayan keçəlin adı?
- Riçard Almeyda...
- Hə, Almeyda tələsik topu oyuna daxil etdi. Rəhim görmədi onu? Görüb, verməyibsə, deməli bu adam qanunu bilmir. Gəl, hakimləri yığ, 10 sual ver, həmin suallardan üçünü cavablandırsalar, gəl mənə de ki, Elnur sənin futboldan başın çıxmır.
- Gəl, onların da haqqlarına girməyək. Hər halda, Rəhim FİFA referisidi...
- Yaxşı, bilir? Bəs niyə saxlamadı? Deməli, bilərəkdən edir...
- Karyeranda dəfələrlə qırmızı vərəqə almısan. “Qarabağ”la oyunda da belə halla üzləşdin...
- Sənə qurban olum, mən müdafiəçiyəm. Mən sərt oynamalıyam. Meydançada vaxt keçirə bilmərəm. Mən mübarizə aparan adamam. Amma Rəhim mənə qırmızı verməməli idi. Nə etdim axı... Mübarizə idi. Son illərimdi, icazə verin, futbol oynayım da. Azərbaycan futbolunda məndən çox can qoyan yoxdu, amma ən çox incidilən adam da mənəm. Axı niyə? Bəhanələri var, Elnur aqressivdi. Müdafiəçi aqressiv olmalıdı. Mən kişiyəm, uduzmağı sevmirəm. Nə edim, "matişka" kimi hərəkət edim?
futbol11.az