Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının artıq 5-ci günüdü. İlk baxışdan bu tədbir bir beynəlxalq idman yarışıdı. Amma hamı bu cür düşünmür.
Türkiyənin “Milli qazete” nəşrində dərc olunan bir yazıda Soçi Olimpiya Oyunlarının tarixə idmandan daha çox siyasi damğa vuracağı və yeni beynəlxalq nizamla bağlı əhəmiyyətli mesajların verildiyi idman yarışı kimi keçəcəyi bildirilib. Yazının müəllifi Türkiyənin Qazi Universitetinin professoru Mehmet Seyfettin Eroldu.
“Yeni Çar”ın şousu, yoxsa güc nümayişi?
“Soçi Olimpiya Oyunları istər Rusiyanın xarici siyasəti, istərsə də beynəlxalq sistemin gələcəyi baxımından “Üçüncü Böyük Oyun”da əhəmiyyətli qırılmalara və yeni inşalara işarə vuran “oyun içində bir oyun” olaraq da qəbul edilə bilər. Rusiya başda olmaqla bir sıra oyunçular neçə müddətdi ki, Soçi üzərindən fərqli “üsul” və “vasitələrlə” mesaj vermək üçün yarışa başlayıb. Məsələn, Volqoqrad şəhərində 2013-cü ilin oktyabr və dekabr aylarında həyata keçirilən terror hücumları, dünya liderlərinin idman yarışını boykot etməsi” - yazar qeyd edir.
Soçi Olimpiadasının Rusiya baxımından xüsusi əhəmiyyətə sahib olduğunu yazan professorun fikrincə, bu əhəmiyyət “Yeni Rusiya”nın beynəlxalq siyasətə çıxışının bir güc nümayişi olduğu qədər, “Yeni Çar” adlandırılan dövlət başçısı Vladimir Putinin bir şousu olaraq da xarakterizə edilə bilər. Erol qeyd edir ki, Putin idman yarışının təşkili üçün yüksək xərclərdən qaçmaması da bunun ən tipik göstəricisidi.
Nə üçün Soçi?
Yazıda qeyd olunur ki, məsələyə “ünvan” baxımından baxıldığında da Soçi Olimpiadasının siyasi mahiyyəti açıq görünür: “Rusiya kimi böyük bir coğrafiyada “nə üçün Soçi” sualı bu baxımdan əhəmiyyətlidi. Bu il həm də tarixə böyük faciələrdan biri olaraq keçən və “çərkəz sürgünü” də adlandırılan "Qafqaz köçü”nün 150-inci ilidi. Buna görə də Rusiyanın Soçi üzərindən bu mesajları verməyə çalışdığı açıq şəkildə görünür:
1.Soçi “Yeni Rusiya”nın “Yeni Böyük Oyun”da “mən də varam” dediyi və bunu bütün dünyaya elan etdiyi bir “oyun”du.
2. Soçi yalnız Qafqaz deyil, eyni zamanda Baltik-Qara dəniz-Xəzər xətti, bir sözlə “Böyük Rusiya” deməkdi.
3. “Qafqaz sindromu” bitib.
4. “Cənuba doğru” siyasəti sürətlənəcək.
5. “Yaxın ətraf siyasəti”ndə bir üst mərhələyə qədəm qoyulub.
Qərb və postsovet məkanın bəzi ölkələrinin boykot siyasəti məhz yuxarıda toxunduğumuz “Yeni Rusiya”ya reaksiyanın əhəmiyyətli bir göstəricisidi. Məsələn, Polşa, Litva və Gürcüstan liderlərinin reaksiyalarının təməlində “SSRİ qorxusu” yatır”.
Qazi Universitetinin professoru hesab edir ki, bu qorxunu haqlı edən ən əhəmiyyətli inkişaflardan biri Rusiyanın yaxın ətrafında başladığı “antiinqilab” siyasəti və keçmiş SSRİ-nin nüfuz sahələrini, məsələn Suriyanı qorumaq mübarizəsidi: “Gömrük Şurası çərçivəsində Ermənistan və Ukraynada baş verənlər bu qorxunu təsdiqləyir. Hər nə qədər ortaya qoyulan səbəblər fərqli olsa da ABŞ, İngiltərə və Fransa kimi ölkələrin boykotları da bu çərçivədən qiymətləndirilə bilər. Qərb baxımından təməl məsələ bu ölkədəki “demokratikləşmə”, "insan haqqları", “ifadə azadlığı” deyil. Hətta ABŞ-ın Edvard Snouden hadisəsi belə təsirli bir faktor deyil. Əsas məsələ Rusiyanın yerli, regional və qlobal müstəvidə icra etdiyi və nəticə əldə etməyə başladığı yeni siyasətidir. Soçi Rusiya ilə Qərb arasındakı qayçının qarşıdakı dövrdə daha da açılacağının bariz göstəricisidi. Ukrayna bunun ən son ünvanıdı. Ukraynada Qərb-Rusiya, həmçinin Rusiya-Almaniya arasında bir “Meydan mübarizəsi” baş verir. Mərkəzində Bosniyanın yerləşdiyi Balkanlar da bu prosesə daxil edilə bilər. İkitərəfli əlaqələrdəki bu “örtülü böhran” özünü Soçidə deşifrə etdi. Alman lideri dəvət edilməsinə baxmayaraq, Soçiyə gəlmədi”.
Ərdoğan komandadan niyə ayrılmışdı?
Qərb liderlərinin Soçi Olimpiadasını boykot etməsinə baxmayaraq, Türkiyə eyni cür davranmadı. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soçiyə getdi və Putin ilə görüşdü. Qazi Universitetinin professor hesab edir ki, bu aşağıdakı kimi şərh oluna bilər:
“1. Türkiyə-Rusiya əlaqələri “Qərb himayəsinin” xaricindədi.
2. Türkiyə və Rusiya “Avrasiya Əməkdaşlıq Hərəkat Planı”nı həyata keçirməkdə israrlıdı.
3. Türkiyənin xarici siyasəti müstəqildir.
4. “Yeni Yalta” müddətində yeni bir Türkiyə müzakirə mövzusudu və “1944 sindromu”ndan xilas olmaq üçün mübarizə ararır.
5. Rusiya bunun fərqindədi və Stalinin etdiyi səhvə yol vermək istəmir”.
Yazı müəllifi həmçinin Türkiyə-Rusiya əlaqələrindəki həssaslığın da gündəmdəki yerini saxladığını bildirir. Bu həssalığın isə Rusiyanın Suriya, Aralıq dənizi, Qara dəniz və Qafqazdakı addımları ilə bağlı olduğu bildirilir.
publika.az