"Rəvan" - "Xəzər Lənkəran" matçından sonra (2:1) baş məşqçilər fikirlərini bildirib:
Güvənc Kurtar ("Rəvan"ın baş məşqçisi): "Xəzər Lənkəran" oyuna yaxşı başladı. Rəqib əla komandadı, bizdən çox güclüdü. Buraxılan qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində qurduq. Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək istəyirik. Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam. Buraya futbol adına nəsə etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa, rəhbərlik məni göndərər. Məşqçinin bəhanəsi olmamalıdı. Nəticə varsa, işinə davam etməlidi, əks halda getməlidi".
Mustafa Dənizli ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Komediya kimi bir oyun oldu, deməyə sözüm yoxdu. Bu cür oyunla məğlub olduq. Belə hadisələr 20 ildə bir dəfə olur. Bir oyunda bu qədər qol epizodundan istifadə edə bilməyəsən və son anda qapından qol buraxıb məğlub olasan. Yuxu kimi bir oyun oldu, 5-6 qol epizodundan istifadə edə bilmədik. Ancaq uşaqlar belə səhvlər edə bilər. Bizim oynadığımız futbolla rəqibin oyanadığı futbolun nəticəsi budusa, deməyə sözüm yoxdu. Oyunu uduzmaq olar, amma bu cür iki qol buraxmağa söz tapa bilmirəm".
Fanat.az