Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, yarışın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparıb. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunub.
74 kq-da Cəbrayıl Həsənov 1/8 finalda ispan Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala yüksəlib - 11:1. Final yolunda türk Soner Demirtaşla görüşdə 2:0 geridə olmasına baxmayaraq, "boxça" fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Onun finalda rəqibi rusiyalı Ənvər Qeduyev olub. Təmsilçimiz bu dəfə 3:5 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib.
1/8 final: Cəbrayıl Həsənov - Alberto Martines (İspaniya) 10:0
1/4 final: Stefan Reyxmut (İsveçrə) - Cəbrayıl Həsənov 1:11
1/2 final: Soner Demirtaş (Türkiyə) - Cəbrayıl Həsənov (təmiz qələbə)
FİNAL: Cəbrayıl Həsənov - Ənvər Qeduyev (Rusiya) 3:5
125 kq-da çıxış edən Cəmaləddin Məhəmmədovun il rəqibi latviyalı Dmitri Mixaylov olub və həmyerlimiz 10:0 hesablı qələbə qazanıb. Onun növbəti rəqibi gürcü Davit Modzmanaşvili olub. Cəmaləddin 2:5 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
1/8 final: Dmitri Mixaylov (Latviya) - Cəmaləddin Məhəmmədov 0:10
1/4 final: Cəmaləddin Məhəmmədov - Davit Modzmanaşvili (Gürcüstan) 2:5
69 kq-da mübarizə aparan qadın güləşçimiz Nadya Sementsova zədələndiyindən moldovalı rəqibi ilə görüşə çıxmayıb və mübarizəni dayandırıb.
1/8 final: Nadya Sementsova - Svetlana Saenko (Moldova) -/+
Qeyd edək ki, yarışın ilk iki günündə Azərbaycan 2 qızıl, 2 gümüş medal qazanıb. sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) və qadın güləşçisi Mariya Stadnik (48 kq) yarışın qalibi olub. Xetaq Qazyumov (97 kq) və İrina Netreba (58 kq) finalda uduzub.
Fanat.az