"Aksioma - vurmayana vurarlar. Melvin Platye öz imkanını dəyərləndirsəydi, problem olmazdı. Müdafiə xəttimizdə bir sıra müdafiəçiləri itirdikdən sonra, nöqsanlar var idi. Kardoso, Şükürov, Bertuççi bizim üçün vacib oyunçulardı. Ernest Nfor da öz mövqeyində oynamırdı. İkinci hissədə öz köməkçilərimə dedim ki, biz qol buraxacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan (0:2) sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi bəzi futbolçuların öz mövqelərində oynamamasının oyunlarına təsir etdiyini bildirib: "Əsas heyətin 5-6 futbolçusunun oynamaması öz sözünü dedi. Erik Ramos mərkəzdə oynayanda daha rahat oluram, neçə ildi ki, özünü doğruldu. Rəşad Sadıqov oyunqurucu kimi yaxşıdı, bu gün isə rəqib hücumlarını dağıtmaq üçün fərqli mövqedə oynadı".
Hacıyev Nikolas Kanales kimi hücumçuya ehtiyaclarının olduğunu deyib: Nə edək ki, Nikolas Kanales kimi qol imkanlarından istifadə edən futbolçumuz yoxdur. Melvin Platyenin qol vurmasını istəyirdim, amma vura bilmədi. Qol epizodlarında yalnız çərçivəyə düşməyi lazım idi, bacarmadı. Bahodir Nasimovu sona yarım saat qalmış meydana buraxdım, ancaq heç nə ilə yadda qalmadı. Platye qol vəziyyətləri arayırdı, Nasimov isə yox".
Fanat.az