Bu gedişlə bizi boş tribunalar gözləyir! - DÖVRİ MƏTBUATDAN

Bu gedişlə bizi boş tribunalar gözləyir! - DÖVRİ MƏTBUATDAN

Futbol olan yerdə azarkeş də var. Şübhəsiz, radikal tərəfdarların yaratdığı ab-hava tam başqadı. Əbəs yerə əsl fanatlara “12-ci oyunçu” demirlər. Rəqibi təzyiqdə saxlayan, verdiyi dəstəklə müsbət nəticələrin qazanılmasına yardımçı olan azarkeşlər istənilən komandaya lazımdı. Təəssüf ki, “idmanın şahı”na könül verənlər bəzən ifrata varır və bunun cəzasını dəmir barmaqlıqlar arasında çəkməli olur. Başqa ölkələrdə olduğu kimi, bizdə də xoşagəlməz halların yaşandığına şahidlik etmişik.  Avroliqanın pley-off mərhələsinin cavab oyunundan  - “Neftçi” – “Partizan” matçından sonra isə 4 tərəfdarın həbs edildiyini eşitdik.

Statusa görə 3 ay?

Flaqmanın Serbiya klubu ilə keçirəcəyi oyundanm bir gün əvvəl belqradlıları məşqdə təhqir edən, rəqibi otelə aparan avtobusu daşa basan “Neftçi” fanatlarından 4-ü məsuliyyətə cəlb edilib. Daha doğrusu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Serbiyanın ölkəmizdəki səfirliyinin aşkar narazılığından sonra 4 fəalı həbs edib. “Forza Neftçi” fanklubunun üzvləri Sübhan və Zamin Əliyev qardaşları, “Azad Azarkeş”in rəhbəri Cəmil Mustafazadə və sıravi tərəfdar Qədir Qədirov saxlanılıb. Zamin 15, Sübhanla Cəmil 20 sutka “yatacaqsa”,  “feysbuk”da yazdığı qızışdırıcı statuslara görə ittiham edilən Qədir 30 ay azadlığa həsrət qalacaq. 10-dan çox azarkeş isə hələ də axtarışdadı...

Təxribatçı arzusuna çatıb

Tutulan azarkeşlər izahatlarında belə davranmalarının səbəbini Heydər Əliyevin Belqraddakı abidəsinin önünə qondarma Dağlıq Qarabağ Respublikasının bayrağının atılmasıyla izah etsə də, “poqonlular” sübut istəyib.  Videogörüntü şəklində dəlil tapılmadığından səbəb keçərli olmayıb. Belə çıxıər ki, Belqradda mərhum prezidentin abidəsinin önünə bayraq sərən təxribatçı arzusuna çatıb. Həmin şçəklin fotomontaj olmasıyla bağlı fikirlər də var. Ancaq bu, hazırki durumda heç bir əhəmiyyət daşımır. Faktdı ki, aranı qızışdırmaq istəyənin iyrənc siyasəti bəhrə verib. 4 tərəfdar “içəridə”, 10-dan çoxu axtarışda, qrupa vəsiqəni 2:1 hesablı zəfərlə qazanan futbolçuların yaddaşında isə “qonaqpərvərlik”...  Əslində dünyanın ən xuliqan tərəfdarları arasında məhz serblərin adı ilk sıralardadı. Bəlkə də ikinci oyun Belqrada təsadüf etsəydi, “Qrobari” də vəziyyətdən çıxış yolunu “ağ-qaralar”ı daş-qalaq etməkdə görərdi.  Gümanla reallıq isə fərqli anlayışlardı.

Qanun hamı üçündü amma...

Kimisə suçsuz olduğu halda məsuliyyətə cəlb etmirlər.  Düzdü, bəzən günahsızlar da qanun qrşısında cavab vermək məcburiyyətində qalır, kiminsə əməlinin cəzasını çəkir.  Lakin elə olaylar tez-tez yaşanmır. Yaşadığı ölkənin qanunlarının sərhədindən kənara çıxanlar son nəticədə peşmanlıq hiss keçirir. “Neftçi”nin 4 tərəfdarının hər şeyi göz önünə alıb-almadığını demək çətindi. Dəmir barmaqlıaqlar arasında düşünməyə isə çox vaxt olur. Bəli, qanun hamı üçün qanundu. Amma kəsilən cəzaların müddəti çoxdu. Məsələn, “qızışdırıcı statuslar”ın ömrün 3 ayının həbsdə keçməsinə bəs etməsi olduqca düşündürücü gerçəklikdi. Ona qalsa, ölkənin “feyzbuk” istifadəçilərinin 50 faizi hərəyə 90 gün “yatmalıdı”. Biri dini təriqəti təbliğ edir, digəri dünyəvi insanların – “kafirlər”in ölümə layiq olduğunu vurğulayır, başqası siyasət aləmindəki fiqurları “yağlayır”. İqtidarın əleyhinə döşəyən də var, müxalifət nümayəndələrini təhqir edən də. Minlərlə bayrağını sevməyəın şərəfsizin bunu sosial şəbəkələrdə həvəslə önə çəkdiyini də bilirik. Qədir o statusları yazanda xalqı dövlət çevirilişinə yox, azarkeşləri sevimli klubunun arxasında durmağa səsləyib. Ölkədə futbolun inkişafı birbaşa dövlətin nəzarətindədi və gerçək tərəfdarlar olmadan bu idman növünün Avropasayağı tərəqqisinə çalışmaq dəryada balıq sevdasıdı. Başqalarına da dərs olsun deyə, barıtı çox qoyublar, vəssalam.

Bizi boş tribunalar gözləyir!

Məlum “böyük oyun”da “içəri” gedənlər haqda yazılanlar idman nəşrlərinin səhifələrindən silinməmiş daha bir neçə azarkeşin saxlanılması qorxunc gələcəkdən xəbər verir. Bu, ölkə futbolunun ən dərin problemlərindən birinin daha da dərinləşməsinə şərait yaratmaqdı. Tutlan fanatın sonradan stadionlara gəlməsi üçün stimul qalmırsa, minlərlə ürəkdən azarkeşlik həvəsi silinir. Bu gedişlə 2-3 ildən sonra qitəmiqyaslı görüşlər də yarıboş tribunalar önündə oynanılacaq. Premyer-liqa matçlarında isə rəqib qapıçılar bir-biriylə oyunun gedişindəcə asanlıqla söhbət edəcək. Duruma necə, hansı yolla əncam çəkmək haqda fikirləşmək “yuxarılar”ın işidi. Elə etmək lazımdı ki, nə şiş yansın, nə də kabab. “Tutun, basın içəri, ağıllansınlar” əmri ilə iş bitmir ki... Hər şeyi götür-qoy etmək lazımdı. Dövlət başçısının şəxsən imzaladığı “inkişaf proqramı”na zərbə vurmağın bir yolu da həbslərin sayını artırmaqdı. Boş tribunalar bizi gözləyir!

 

NİHAT,  “Futbol+” 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər