Onu Karles Bakeslə əvəzləmişdilər. Əlbəttə ki, “Barselona”nın “şinelindən çıxan” adam komandanı ağ günə çıxarmadı... Dünya şöhrətli Con Toşak “gəmi”nin “sükanını” ələ keçirəndə sevinən azarkeşlər bir də uelsli çantalarını toplayanda Tanrıya şükürlər etdi. Mustafa Dənizli intizamı ilə gözə kül üfürməyə çalışdığı dönəmdə “hə, işlər düzəldi” deyənlər isə tanınmış hoca vətəninə qayıdanda kədərlənmədi. Bir müddət Dənizlini əvəzləyən Oğuz Çətinin rəsmən iş başına keçməsinə gəlincə, Çətinli gələcəyin çətin olacağını proqnozlaşdıranlar çox idi. Oğuz bəyin yaratmağa çalışdığı ab-hava fonunda hər şey göz qabağındadı. Budu, Yunis Hüseynov artıq idman direktoru postundadı!
Azərbaycan klublarında prezidentin müşaviri və ya idman direktoru təyin edilənlərin sonradan hansı marşrut üzrə hərəkət etdiyini çox görmüşük. “Xəzər Lənkəran” azarkeşlərinin ürəyini qürurla doldurmağı bacarmayan Çətinin “qılıncı boynunun dalındadı”. Daha bir uğursuzluq və son! Başqa ssenari gözləyən azı sadəlöhvdü.
Gəlsin, niyə gəlməsin ki? Məgər Hüseynov özündən sonra işləyənlərdən pis nəticə göstərmişdi ki? Əksinə, komandanı 19 çempionat oyununa çıxarmağa imkan tapan Hüseynova vaxt versəydilər, bu gün “ağ-yaşıllar” daha sanballı, daha “oturuşmuş” kollektiv olardı. Təcrübə göstərir ki, Azərbaycanda nəzərəçarpan uğurları yerlilər qazanır. Ortada “Neftçi” və “Qarabağ” nümunələri var. Hə, “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadzeni də unutmaq olmaz. Amma Tsxadadzenin yuxusunda gördüyü Avroliqanın pley-off mərhələsində “ilişən” Böyükağa Hacıyevi “Neftçi”dən uzaqlaşdırdılar. Bilirsiz niyə? Çünki yerlilərə üstünlük verənlər hədəflərini böyütməyi bacarıb. Cənub təmsilçisi böyümək üçün öncə düzgün strategiya müəyyənləşdirməlidi. Hüseynov baş məşqçi təyin edilsə, mütləq bacardığını ortaya qoymaq üçün rəhbərlikdən zaman almalıdı.
Fanat.az